Naxçıvan teatrında “Ölülər” tamaşası təqdim edilib -

Naxçıvan teatrında “Ölülər” tamaşası təqdim edilib - FOTO

24 Aprel 2025

Aprelin 23-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində “Ölülər” tamaşası təqdim edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görkəmli dramaturq Cəlil Məmmədquluzadənin anadan olmasının 155 illiyinə həsr olunmuş tamaşanı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, deputatlar, ictimaiyyət nümayəndələri izləyiblər.

Teatrın direktoru Mir Qabil Əkbərovun quruluş verdiyi səhnə həllinin quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Azər Cəfərlidir. "Ölülər”in rejissoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev həm də “Şeyx Nəsrullah” rolunu ifa edib. Əsas rollardan olan “Kefli İsgəndər”i isə istedadlı aktyor Məmməd Mehdiyev canlandırıb. Xalq artistləri Rza Xudiyev, Həsən Ağasoy, Yasəmən Ramazanova, Azərbaycan Respublikasının Əməkdar artistləri Əbülfəz İmanov, Behruz Haxverdiyev, eləcə də kollektivin təcrübəli və gənc üzvləri də yeni və orijinal quruluşda təqdim olunan tamaşada yer alıblar.

Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası muxtar respublikada mədəni sahənin, eləcə də teatrın da müasir tələblər əsasında inkişafına şərait yaradıb. Naxçıvan Dövlət Milli Teatrının binasında təmir işləri aparılıb, teatrın səhnəsində bir sıra yeniliklər olunub, işqılandırma sistemi və səs akustikası daha da təkmilləşdirilib. Teatrın kollektivi peşəkar kadr və istedadlı aktyorlarla komplektləşdirilib. Bunun nəticəsidir ki, hazırlanan tamaşalar daha uğurlu səhnə həlli ilə tamaşaçıların diqqətini cəlb edir.

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli tamaşa bitdikdən sonra səhnə arxasında yaradıcı heyətlə görüşüb, tamaşa ilə bağlı xoş təəssüratlarını dilə gətirib. Fuad Nəcəfli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına göstərdiyi böyük diqqət və qayğının nəticəsi olaraq, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən teatrların da inkişaf etdiyini, yaradıcı kollektivlərin uğurlu fəaliyyəti ilə tamaşaçı rəğbətini qazandığını vurğulayıb. Səlahiyyətli nümayəndə uğurlu səhnə həllinə, eləcə də Naxçıvan teatrının inkişafındakı xidmətlərinə görə kollektivi təbrik edib, fəaliyyətlərində yeni uğurlar arzulayıb.

Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev yaradılan şəraitə görə minnətdarlıq edərək bildirib ki, Naxçıvan teatrı yeni inkişaf mərhələsinə qədəm qoyub. Son iki ildə Naxçıvan Dövlət Milli Dram Teatrı yeni ruhda uğurlu tamaşalar hazırlayaraq repertuarını zənginləşdirib. Bu dövrdə heyət ölkəmizdə və respublikadan kənarda 10-dan çox qastrol səfərlərinə çıxıb. Kollektiv ötən il Naxçıvan Muxtar Respublikasının 100 illiyini Bakıda nümayiş etdirdiyi uğurlu tamaşalarla ölkə miqyasında qeyd edib.

Sonda xatirə fotosu çəkdirilib.