AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyəti növbəti dəfə toplandı
Aprelin 18-də AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası olub. Bölmənin sədri, akademik İsmayıl Hacıyev iclası açaraq gündəliyə çıxarılan məsələləri iştirakçıların diqqətinə çatdırıb.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, gündəlikdəki ilk məsələ Azərbaycan Respublikası Prezidentinin “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” 4 aprel 2025-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr barədə olub. Məsələ ilə bağlı məlumat verən Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov AMEA Naxçıvan Bölməsində sərəncama uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulan tədbirləri Rəyasət Heyətinin diqqətinə çatdırıb.
Aparılan müzakirədən sonra Rəyasət Heyəti irəli sürülən təkliflərin AMEA Rəyasət Heyətinin müzakirəsinə təqdim olunması barədə qərar qəbul edib.
Daha sonra Naxçıvan Bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Tədbirlər Planı və AMEA Naxçıvan Bölməsi qarşısında duran vəzifələr barədə məlumat verib. Vurğulanıb ki, Tədbirlər Planına əsasən Bölmədə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə elmi seminar və konfransların keçirilməsi, “Axtarışlar” elmi jurnalında B.Vahabzadənin 100 illiyinə həsr olunmuş rubrikanın yaradılması, mətbuatda məqalələrin dərci, televiziya və radio verilişlərində çıxışlar nəzərdə tutulub.
Gündəlikdəki növbəti məsələ cari ilin iyun ayında keçirilməsi nəzərdə tutulan “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” Beynəlxalq Elmi Konfransına hazırlığın vəziyyəti haqqında olub. Konfransa hazırlıq barədə təklif və tövsiyələrini bölüşən akademik İsmayıl Hacıyev hazırlıq prosesində diqqət yetirilməli məsələləri qeyd edib.
Bölmə sədri gündəlikdəki Vatikan, Osmanlı, Sankt-Peterburq, Tiflis arxivlərində Naxçıvanla bağlı materialların əldə edilməsi məsələsi ilə bağlı danışarkən bildirib ki, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun bəzi əməkdaşları 2023 və 2024-cü illərdə Ankara və Sankt-Peterburq arxivlərində elmi ezamiyyədə olmuş, Naxçvanla bağlı xeyli sayda material toplamışlar. Həmin materialların yaxın zamanda nəşrə təqdim olunacağını nəzərə çatdıran alim qeyd edib ki, cari ilin may ayında institutun bir əməkdaşının Gürcüstan arxivlərinə elmi ezamiyyətə göndərilməsi planlaşdırılır.
Rəyasət Heyəti həmçinin arxeoloji, etnoqrafik, dialektoloji, onomastik və folklor ekspedisiyalarının təşkili, “Elmi əsərlər” jurnalının ikinci nömrəsinə məqalə qəbulunun vəziyyəti və gündəlikdəki digər məsələləri müzakirə edərək müvafiq qərarlar qəbul edib.
İclasa akademik İsmayıl Hacıyev yekun vurub.