Türkiyədə seçkilərdə rekord sayda az səs almış partiyanın adı açıqlanıb
Türkiyədə keçirilmiş yerli seçkilərdə Güc Birliyi Partiyası cəmi üç səs alıb.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, buna Türkiyə İqtisadi Siyasətlər Araşdırma Fondunun (TEPAV) nümayəndəsi Mert Uzunsoy diqqət verib.
“Biz seçki məlumatlarını bir çox aspektlərdən nəzərdən keçirəcəyik və təhlil edəcəyik, ancaq əvvəlcə ən maraqlı məlumatlardan birini paylaşım. Yalnız Mudurnuda (Bolu şəhərinin rayonu – red.) seçkiyə qatılmış Güc Birliyi Partiyası cəmi üç (3) səs toplayıb. Və cümhuriyyət tarixində seçkilərdə ən az səs almış siyasi partiya olub”, – araşdırmaçı qeyd edib.
Xatırladaq ki, Türkiyədə yerli özünüidarə orqanlarına keçirilmiş seçkilərdə səslərin 99 faizindən çoxu hesablanıb. Səsvermənin ölkə üzrə nəticələrinə əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,71 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) isə 35,53 faizlə ikinci sıradadır.