Ruhun şad olsun cənab leytenant

Ruhun şad olsun cənab leytenant

06 Noyabr 2024

Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini Vətən torpağında atır və torpaq sevgisinin hərarətini də bu zaman duyur. Bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an belə Vətənsiz yaşaya bilmir. Bu amal uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan oğul və qızlarımızı yad etmək, xatirəsini əziz tutmaq isə hər birimizin ən müqəddəs borcudur.

Bu gün də ənənəmizə sadiq qalıb Vətən uğrunda canından keçmiş, anım günü olan şəhidlərimizdən Vəli Quliyevi əziz xatirəsini yad etdik.

Bu münasibətlə Naxçıvan şəhər qəbristanlığında anım mərasimi keçirildi. Tədbirdə Naxçıvan MR Ali Məclisi deputatları, Naxçıvan şəhər İcra hakimiyyəti, Culfa rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, qazilər, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak edib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş el oğullarının əziz xatirəsi yad edildi. Dualar oxundu. Eyni zamanda vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirildi.

Mərasimində çıxış edənlər ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan qəhrəman oğul və qızlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim əziz tutulacağını bildirib. Erməni təxribatlarına və təcavüzünə qarşı Müzəffər Ordumuzun, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında apardığı 44 günlük Vətən Müharibəsi nəticəsində tarixi torpaqlarımızın azad edilməsindən, Şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söhbət açdılar.

Şəhidin anası Həqiqət xanım onlara göstərilən diqqət və qayğıya görə dərin təşəkkürünü və minnətdarlığını bildirdi.

Qəhrəman şəhidimiz leytenant Vəli Quliyev 1997-ci il iyulun 20-də Culfa rayonunun Qazançı kəndində anadan olub. Uşaq yaşlarında ailəsi Naxçıvan şəhərinə köçüb və ortatəhsilinə 2003-2009-cu illərdə A. Tağıyev adına 17 nömrəli tam orta məktəbdə başlayıb. 2009-2014-cü illərdə isə 8-ci sinifi bitirən kimi Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.

Döyüş yoldaşları arasında "Naxçıvan Canavarı" ləqəbi almış Vəli 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Bir neçə aydan sonra ön cəbhəyə göndərilmiş və 1 il orada xidmət etdikdən sonra yenidən “N” saylı hərbi hissəyə qayıtmışdır. İki ilə yaxın idi ki, sərhəd bölgəsində Beyləqan Korpusunun Ağcabədi “N” saylı hərbi hissəsində əvvəllər taqım komandiri, 5 aya yaxın isə bölük komandiri vəzifəsində xidmət edib.

Vəlinin əkiz qardaşı Maqsud deyir: "Oktyabr ayının 20 –də qardaşım mənlə danışmaq üçün zəng etmişdi, lakin mən onunla əlaqə saxlaya bilmədim. Zəngini aça bilmədiyim üçün narahatlıq keçirdim. Biraz gözlədim. Bir neçə saat sonra yenidən zəng etdi, amma bu səfər onunla əlaqə saxlaya bildim. Hər şeyin yaxşı olduğunu dedi. Erməni vəhşilərini necə qırıldıqlarını zövqlə danışdı. Daha sonra “Məndən narahat olmayın, tez tez sizinlə əlaqə saxlayacam” - dedi və dəstəyi yerə qoydu.

Şəhidin atası Kamal bəy bildirdi ki, Vəli öz xahişi ilə döyüş bölgəsinə yollanıb. Hərbidə olduğu müddətdə nümunəvi zabit kimi dəyərləndirilib. Xatirələri yada saldıqca adamın canı ağrıyır. Amma qürurlu bir kədərdir. Torpaqlarımızın azadlığı uğrunda vətən müharibəsi başlayanda “Aslanlar bölüyü” adlanan bölüyü Hadrutun qorunmasında, Füzulinin azaad olunması uğrunda misilsiz rəşadət göstərib.

Öz oğlumdur deyə demirəm Vəli həqiqi mənada igid övladlardan biridir. O, deyirdi: "Ata, onlar çox qorxaq millətdirlər. Biz vuruşduqca onlar qaçırdılar. Vəligilin bölüyü Cəbrayıl, Zəngilan uğrunda mərdliklə vuruşmuşdular. Oktyabrın 20- də Cəbrayıldan Qubadlıya doğru getdikləri bir vaxtda Vəli yaralanır".

Atası Kamal Quliyev onda olan vətən sevgisinin, vətən ruhunun çox fərqli olduğunu bildirir. Deyir ki, qələbə xəbərini Vəlidən eşitməyi çox istərdi: “Torpaqlarımızı azad etmək üçün irəli getdikdə, mənfur düşmənlərimizlə 30 metr üz-üzə çıxırlar. Onlar havaya işıqlandırma fişəngləri atır, bu zaman Vəli orda şəhid olur. Vəlinin yoldaşları deyir ki, o yaralandı, dedi, mən vurdular. Dedik, komandir nə edək. Dedi ki, uşaqlara deyin bir-birindən muğayat olsunlar, ancaq irəli. Deyiblər, səni burdan çıxaraq, deyib ki, olmaz “.

Şəhidimizin anası Həqiqət xanım hərb sənətinin çətin bir peşə olduğunun fərqində olan bir ana kimi heç vaxt kaş Vəli bu sahəni seçməzdi demədiyini qeyd etdi. "Bugün Vəli kimi neçə- neçə oğulların canı, qanı bahasına xalqımız zəfər qazanıb. Onların sayəsində xalqın anlındakı qara ləkə silinib, zəfəri bayram edib. O uşaqlıqdan bu yolu seçib. Mənə çətində olsa onun seçiminin tərəfində olmuşam heç vaxt etiraz etməmişəm. Illərlə onun yolunu səbrlə, təmkinlə gözləmişəm. O hər dəfə bizimlə əlaqə saxlayanda deyirdi ki əgər mənə nəsə olsa ağlama ana, sən başını dik tut. Sən mənimlə fəxr et. Mən Vəli ilə hər zaman fəxr etmişəm və ömrümün sonuna kimi də fəxr edəcəyəm də".

Leytenant Vəli Quliyev Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vəli Quliyev oktyabrın 22-də Qubadlı döyüşləri zamanı ən ali zirvə olan şəhidlik zirvəsinə ucalıb.

Döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vəli Quliyev ölümündən sonra "Vətən uğrunda", 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə", 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Qubadlının azad olunmasına görə" , " Cəsur Döyüşcü" medalı və "Azərbaycan bayrağı"ordeni ilə təltif edildi.

Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəsilə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvər ruhda böyütmək, torpağına bağlı, millətinə hörmət hissi ilə tərbiyə etmək isə hər bir vətəndaşın ən ümdə vəzifəsidir.

Azərbaycan xalqı hər zaman Vəli kimi qəhrəmanlarını xatırlayacaq və gələcək nəsilə nümunə göstərəcək.

Onlar müstəqil Azərbaycan tarixinə adlarını qanlarıyla yazdılar. Ruhunuz şad, məkanınız cənnət olsun!

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü