Naxçıvanda taxoqraflardan istifadəyə dair təlim keçirilib -

Naxçıvanda taxoqraflardan istifadəyə dair təlim keçirilib - FOTO

17 Dekabr 2024

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikada yük daşımalarının həyata keçirilməsində xidmət səviyyəsinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində kompleks tədbirlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 mart 2024-cü il tarixli müvafiq Qərarı ilə “Taxoqraflardan istifadə, ona xidmət və ya rəqəmsal taxoqraf kartından istifadə üzrə xüsusi proqram” təsdiq edilib. Belə ki, proqram üzrə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) dəstəyi ilə Nazirliyin tabeliyində olan Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi (NANA) tərəfindən yükdaşıma fəaliyyəti göstərən sürücülər və sahibkarlara təlimlər keçirilib.

Təlimdə nəzəri və praktiki biliklərə yiyələnən sürücülərə taxoqraf və ondan istifadə qaydaları haqqında ətraflı məlumatlar verilib. Vurğulanıb ki, taxoqraf nəqliyyat vasitələrinin hərəkətini izləyən və qeyd edən bir qurğudur. Bu qurğu sürücünün nəqliyyat vasitəsini idarə etdiyi, dincəldiyi və texniki təmirə sərf etdiyi vaxtı, habelə digər məlumatları qeyd edir və nəzarətedici orqan tərəfindən bu tədbirlərə nəzarət edilir.

Təlimlərin keçirilməsində məqsəd sürücülərin və nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək, eləcə də şirkətlərin və dövlət orqanlarının sürücü fəaliyyətlərini izləməsinə və təhlükəsizlik qaydalarına əməl edilməsini təmin etməsinə kömək etməkdir.

Məlumat üçün bildirilir ki, təlimlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.