Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə irəliləyib
Bu ilin oktyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (57,62 MB/S) görə 158 ölkə arasında 93-cü yerdə qərarlaşıb ki, bu da sentyabra nisbətən 3 pillə irəliləyiş deməkdir.
"NAXÇIVANXƏBƏRLƏRİ" “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (30,48 MB/S) ilə müqayisədə isə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 89 % artıb.
Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (316,99 MB/S), axırıncı yeri isə Kuba (2,84 MB/S) tutub.
Azərbaycan oktyabrda mobil internetin sürətinə görə isə sentyabr ayına nisbətən 6 pillə geriləyərək 55,90 MB/S sürətlə 111 ölkə arasında 54-cü olub.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (428,53 MB/S), sonuncu yeri isə Əfqanıstan (8,54 MB/S) tutub.
Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 3 pillə irəliləyərək 205 şəhər arasında 58,31 MB/S sürətlə 118-ci yerdə qərarlaşıb.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Valparaiso (327,63 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (1,90 MB/S) qərarlaşıb.
Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə 71,54 MB/S sürətlə 158 şəhər arasında sentyabr ayına nisbətən 5 pillə geriləyərək 76-cı olub.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (478,83 MB/S), sonuncu yeri Herat (9,22 MB/S) tutub.