Naxçıvanda rabitəçilərin peşə bayramı qeyd olunub -

Naxçıvanda rabitəçilərin peşə bayramı qeyd olunub - FOTO

06 Dekabr 2024

Bu münasibətlə “Naxçıvan Muxtar Respublikasının 100 illiyi” çərçivəsində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 6 dekabr tarixində Nazirliyin Aparatının və tabeli qurumlarının iştirakı ilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, tədbir iştirakçıları əvvəlcə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Nazirliyin Aparatında davam edən tədbirdə nazir müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli çıxış edərək bildirib ki, rabitə sahəsində Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev tərəfindən həyata keçirilmiş məqsədyönlü siyasət bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda informasiya əsrinin müəyyən etdiyi qlobal çağırışlar nəzərə alınaraq ölkəmizdə rəqəmsallaşmanın inkişafı ilə bağlı bir çox konseptual strategiyalar və çoxsaylı müvafiq Dövlət proqramları qəbul edilib. Muxtar respublikada informasiya kommunikasiya texnologiyalarının inkişafı, eləcə də əhaliyə nümunəvi rabitə və internet xidmətlərinin göstərilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Belə ki, Dövlət Proqramı çərçivəsində “Data Mərkəzinin” layihələndirilməsi başa çatıb, 350 km-ə yaxın fiber-optik magistral tikilib, tranzit nəqliyyat potensialının artırılması və Naxçıvan şəhərində tramvay xəttinin konsepsiyaları hazırlanıb. Bunlarla yanaşı, yaşayış ərazilərinin dayanıqlı internet xidmətləri ilə təmin edilməsi və infrastrukturun yenilənməsi istiqamətində də işlər aparılır. Həmçinin, strukturun təkmilləşdirilməsi məqsədilə “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” və “N-Telekom” publik hüquqi şəxsləri yaradılıb, idarələrarası elektron mübadilə sisitemi qurulub. Əlavə olaraq rabitə sahəsi üzrə yeniliklər  və gələcək perspektivlər haqqında da tədbir iştirakçılarına ətraflı məlumatlar verilib.

Sonra peşə bayramı münasibətilə Nazirliyin əməkdaşları təbriklərini çatdırıb, o cümlədən fəaliyyətlərində fərqlənən bir qrup əməkdaş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Rəşadətli əməyə görə” nişanı, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin fəxri fərmanları və “Rabitə ustası” fəxri adları ilə təltif ediliblər.

Sonda rabitə sahəsində görülmüş işlərə dair videoçarx nümayiş olunub.