Meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə edilib -

Meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə edilib - FOTO

06 Sentyabr 2024

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Biçənək meşəsində Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin birgə təşkilatçılığı ilə meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə edilib. Məqsəd meşələrdə və xüsusi mühafizə olunan təbiət ərazilərində eləcə də, taxıl və əkin-otlaq sahələrində baş verə biləcək yanğınların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir zamanı çıxış edənlər mövzunun aktuallığını diqqətə çatdıraraq, yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin, yanğınla mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Eyni zamanda, meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

 Tədbir zamanı iştirakçılara tövsiyə xarakterli yaddaş vərəqləri təqdim olunub, praktiki hissədə isə şərti olaraq baş verən meşə yanğınının qarşısının alınması əyani şəkildə nümayiş etdirilib.