Kreditorun ölümündən sonra zaminliyinə son verilir? -

Kreditorun ölümündən sonra zaminliyinə son verilir? - HÜQUQ MƏSLƏHƏTİ

15 Oktyabr 2024

Sual: İş yoldaşımın götürdüyü kreditə görə zamin dayanmışdım. Kreditin bir hissəsi ödənilsə də, iş yoldaşım vəfat etmiş və ödənişlərdə gecikmə yaranmışdır. Bank həm mənə, həm də iş yoldaşımın vərəsəsinə (arvadına) qarşı iddia qaldırıb və pulu bizdən tələb edir. Halbuki mən yalnız iş yoldaşıma zamin dayanmışdım. İş yoldaşımın ölümündən sonra mənim zaminliyimə son verilməli deyildimi?

Cavab: Ümumi qayda ondan ibarətdir ki, öhdəlik münasibətləri hansı şəxslər arasında meydana gəlmişsə, mövcudluğunu həmin şəxslər arasında davam etdirir və bitir. Lakin bəzi hallarda öhdəliyin aktiv (kreditor) və ya passiv (borclu) tərəfində dəyişiklik olması mümkündür.

Əmlakın vərəsəlik yolu ilə keçməsi halında miras qoyan borcludursa, onun yerinə vərəsələr borclu kimi çıxış edirlər. Kredit borcu miras passivi kimi iş yoldaşınızın arvadına keçmişdir, yəni bankla bağlanmış kredit müqaviləsinin tərəfi (borc alan) kimi o, miras qoyanı - ərini əvəz etmişdir. Bu hal sizinlə bank arasında bağlanmış zaminlik müqaviləsinə xitam verilməsi üçün əsas deyil. Belə ki, Mülki Məcəllənin zaminliyə xitam verilməsi əsaslarını müəyyənləşdirən 477-ci maddəsində əsas öhdəlik üzrə borclunun ölümü xitamvermə əsası kimi nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 477.0.2-ci maddəsi üzrə əsas - “Əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, zaminliyə xitam verilir” öhdəliyin tərəfinin vərəsəlik yolu ilə dəyişməsi halını tənzimləmir.

Beləliklə, siz zamin durduğunuz şəxsin dünyasını dəyişməsinə baxmayaraq, müqavilə əsasında zaminlik öhdəliyini daşıyırsınız. Bundan imtina yalnız bankın razılığı ilə mümkündür.

Sualı cavablandırdı: Culfa rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas - Heydər İbrahimli