Bələdiyyələrin səlahiyyət müddəti nə qədərdir və kimlər bələdiyyə üzvü ola bilər?
Sual : Bələdiyyələrin səlahiyyət müddəti nə qədərdir və kimlər bələdiyyə üzvü ola bilər?
Cavab: Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir.
Ölkə üzrə bələdiyyə seçkilərinin keçirilməsinə 6 aydan az müddət qalarsa, bələdiyyə ərazilərinin dəyişdirilməsi nəticəsində müvafiq bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların sayı 25 faizdən artıq azaldıqda və ya çoxaldıqda, habelə yeni yaradılmış, birləşmiş, ayrılmış, yaxud vaxtından əvvəl buraxılmış bələdiyyələrə seçkilər ölkə üzrə bələdiyyələrə seçkilər zamanı keçirilir.
Ölkə üzrə bələdiyyə seçkilərinin keçirilməsinə 6 aydan çox qalmış müddətdə bələdiyyə ərazilərinin dəyişdirilməsi nəticəsində müvafiq bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların sayı 25 faizdən artıq azaldıqda və ya çoxaldıqda, habelə yeni yaradılmış, birləşmiş, ayrılmış, yaxud vaxtından əvvəl buraxılmış bələdiyyələrə keçirilən seçkilər nəticəsində formalaşan bələdiyyələrin səlahiyyət müddəti ölkə üzrə yeni bələdiyyə seçkiləri nəticəsində formalaşan bələdiyyələrin birinci iclas günü başa çatır.
Seçkilərdə iştirak etmək hüququna malik olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər.
Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas-Rəmzi Həsənov