Xarici dövlətin ərazisində cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması qaydası... HÜQUQ MƏSLƏHƏTİ
Sual: Xarici dövlətin ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi hansı qaydada həll edilir?
Cavab: Xarici dövlətin ərazisində cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşları xarici dövlətə verilə bilməz. Həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi Cinayət Məcəlləsinin 12-ci maddəsinə müvafiq Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət törətmiş və Azərbaycan Respublikasında olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayət məsuliyyətinə cəlb edilməsi yaxud təyin edilmiş cəzanın icrası üçün "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətə verilə bilərlər.
Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət törətmiş şəxslər xarici dövlətə verilmirsə və həmin əməl (hərəkət və ya hərəkətsizlik) Cinayət Məcəlləsinə əsasən cinayət sayılırsa, onlar Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilirlər.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə cinayət törətmiş şəxslərin verilməsinə dair digər müddəalar müəyyən olunduqda, beynəlxalq müqavilələr tətbiq edilir.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov