Bu gün əməkdar artist Vidadi Rəcəblinin doğum günüdür
19 yanvar 1966-cı ildə doğulan Vidadi Rəcəbli Azərbaycan teatr və kino sənətinin tanınmış nümayəndələrindən biridir. 1986-1988-ci illərdə N.Krupskaya adına Bakı Mədəni-Maarif Texnikumunun dram fakültəsində təhsil almışdır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 1996-cı ildən Naxçıvan Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayan Vidadi Rəcəbli 70-dən çox müxtəlif səpkili obrazlar yaratmışdır. Onun yaradıcılığı dram, musiqili dram, komediya, musiqili komediya, tragikomediya, faciə və alleqoriya janrlarını əhatə edir.
Vidadi Rəcəbli bu illər ərzində:
* Üzeyir Hacıbəyov, "Arşın mal alan" – Süleyman
* Hüseyn Cavid, "Topal Teymur" – Sabutay
* İlyas Əfəndiyev, "Hökmdar və qızı" – Saday bəy
* Elçin, "Mənim ərim dəlidir" – Dost
* İsmayıl Məlikzadə, "Gəl qohum olaq" – Qarakişi
* Cəlil Məmmədquluzadə, "Qurbanəli bəy" – Aşpaz Əli
* Nəriman Nərimanov, "Nadir şah" – Cəfər xan
* Nəriman Həsənzadə, "Atabəylər" – Əbubəkir
* Səməd Vurğun, "Fərhad və Şirin" – Topal
* Hüseyn Cavid, "İblis" – Ərəb zabiti
* M.S. Ordubadi, "Beş manatlıq gəlin" – Qiyas və.s rolları ustalıqla yaradıb.
Əli Əmirlinin "Xeyir xəbər" tamaşasında xüsusi peşəkarlıqla oynadığı şəhid atası Hümbət kişi obrazı ilə tamaşaçıların sevgisini və rəğbətini qazanmışdır.
Fəaliyyətinə görə yüksək qiymətləndirilmiş Vidadi Rəcəbli 2000-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti, 2008-ci ildə isə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adlarına layiq görülmüşdür.
2016-2020-ci illərdə Babək Rayon Mədəniyyət Sarayında bədii rəhbər-rejissor vəzifəsində çalışmış, bu müddətdə Ə.Yusiflinin "Alova çevrilən qəzəb" pyesinə və digər tamaşalara rejissor olaraq quruluş vermişdir
Vidadi Rəcəbli həmçinin "Tale yükü" (1997) tammetrajlı bədii filmində Səməd obrazını canlandıraraq kino sənətində də uğur qazanmışdır. Eyni zamanda televiziyaların hazırladığı bədii sənədli filmlərdə iştirak etmişdir. 1997-ci ildə Naxçıvan televiziyasında diktorluq etmişdir. "Gerçəklik" adlı şeirlər kitabının müəllifidir.
Azərbaycan teatrının inkişafına verdiyi töhfələrlə yaddaşlarda qalan Vidadi Rəcəbli, sənətə olan böyük sevgisi və zəhməti ilə mədəniyyətimizdə xüsusi yer tutur.
Vidadi Rəcəblinin yaradıcılığı ilə daha ətraflı bu linkdən ( https://youtu.be/m1FfzWsInPM?si=5wlngRsdhNoBdcJN ) tanış ola bilərsiniz.