Boşanma zamanı əmlak ər və arvad arasında necə bölünür? -

Boşanma zamanı əmlak ər və arvad arasında necə bölünür? - HÜQUQ MƏSLƏHƏTİ

29 Aprel 2024

Sual: Salam, bilmək istərdim ki, bağışlanmış əmlak nikah dövründə satıldıqda və yeni əmlak alındıqda boşanma zamanı həmin əmlak ər və arvad arasında necə bölünür?

Cavab: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci madəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin məcəllənin 35-ci maddəsinə görə nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Yəni əgər bağışlanan əmlakın dəyəri yeni əldə olunan əmlakın dəyərinə bərabərdirsə və ya ondan çoxdursa, əldə olunan əmlak ərin (arvadın) ayrıca əmlakı kimi qiymətləndirilə və həmin əmlak tərəflər arasında bölünməyə bilər. Yox əgər bağışlanan əmlakın dəyəri əldə edilən əmlakın dəyərindən azdırsa və məhkəmə onu ər-arvadın ümumi mülkiyyəti kimi qəbul edirsə, həmin əmlak üzərində tərəflərin payları əşyanın əldə olunduğu anda sərf olunmuş ayrıca vəsaitə və ər-arvadın ümumi vəsaitinə mütənasib olaraq müəyyən edilməlidir.

Sualı cavablandırdı: Culfa rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas - Heydər İbrahimli

Mənsurə Hümbətova