"Badamlı Quşçuluq" MMC-də qida təhlükəsizliyi qaydalarının pozulduğu aşkarlanıb

"Badamlı Quşçuluq" MMC-də qida təhlükəsizliyi qaydalarının pozulduğu aşkarlanıb - FOTO

12 Mart 2025

Şahbuz rayonunun Badamlı qəsəbəsində fəaliyyət göstərən "Badamlı Quşçuluq" MMC-də Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən plandankənar yoxlama aparılıb. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların və sanitariya qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aşkarlanan nöqsanlar sırasında kəsim prosesləri üçün müvafiq bölmələrin təşkil olunmaması, avadanlıqların və döşəmənin korroziyaya davamlı materialdan hazırlanmadığı, kanalizasiya sisteminin mövcud olmaması və temperatur monitorinqinin aparılmaması kimi ciddi çatışmazlıqlar yer alıb.

Faktla bağlı müəssisənin rəhbəri barəsində inzibati protokol tərtib olunub və nöqsanlar aradan qaldırılana qədər müvafiq məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən problemin həlli istiqamətində nəzarət tədbirlərinin davam etdiriləcəyi bildirilib.