Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunub

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunub

16 Oktyabr 2024

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və himayəsi ilə Daşkənddə keçirilən “İslam sülh və xeyirxahlıq dinidir” mövzusunda beynəlxalq elmi-praktiki konfransda iştirak edib.

QMİ-nin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, 22 ölkədən 70 nəfərin qatıldığı plenar və üç bölmə iclasından ibarət tədbirin açılış mərasimində şeyxülislam A.Paşazadə çıxış edib. Beynəlxalq forumu İslam sivilizasiyasına tarixən töhfələr vermiş Özbəkistanın müasir dövrdə bu şərəfli, ənənəvi missiyasını davam etdirmək əzminin daha bir təzahürü kimi dəyərləndirən şeyxülislam deyib: “Özbəkistanın İbn Sina, Fərabi, Biruni, Uluqbəy kimi dünya şöhrətli mütəfəkkirləri, İmam Buxari, Tirmizi, Maturidi kimi din alimləri, Əmir Teymur, Zahirəddin Babur kimi sərkərdələri, Əlişir Nəvai kimi qüdrətli söz ustadı və digər tanınmış şəxsiyyətləri bəşər tarixinə əvəzolunmaz töhfələr bəxş edib, möhtəşəm İslam mədəni-mənəvi irsinin zənginləşməsinə, eyni zamanda, Avropa intibahının təşəkkülünə rəvac veriblər”.

QMİ sədri vurğulayıb ki, Özbəkistanla mövcud mədəni-mənəvi əlaqələrin qorunub saxlanılması Azərbaycan üçün hər zaman xüsusi önəm daşıyır. Çox şadam ki, prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev arasında mövcud qardaşlıq münasibətləri dövlətlərimiz və xalqlarımız arasında bütün sahələrdə, o cümlədən mənəvi əlaqələrin inkişafına təkan verir.

A.Paşazadə səfər çərçivəsində həmçinin Özbəkistan Prezidentinin dinlər və millətlərarası münasibətlər üzrə müşaviri Müzəffər Kamilovla görüşüb. Görüşdə qardaş ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişafından, o cümlədən dini-mənəvi əlaqələrin dərinləşməsindən məmnunluq ifadə olunub.

Konfransın əhəmiyyətinə toxunan A.Paşazadə Azərbaycan və Özbəkistanın müdrik, qlobal təfəkkürə malik dövlət liderlərinin müqəddəs İslam dininin humanist mahiyyətinin dünya miqyasında tanıdılması, dəyərlərinin müdafiəsi, islamofobiya meyllərinin qarşısının alınmasında müstəsna rolunu vurğulayıb.

Şeyxülislam Allahşükür Paşazadə qardaş ölkəyə səfəri çərçivəsində “Özbəkistan 24” televiziya kanalına müsahibə verib, canlı yayımda iştirak edib.