Azərbaycan-Qazaxıstan Ekspert Şurasının IV iclası keçirilib

Azərbaycan-Qazaxıstan Ekspert Şurasının IV iclası keçirilib

23 Aprel 2025

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Azərbaycan-Qazaxıstan Ekspert Şurasının IV iclası keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxışında ekspertlər səviyyəsində müntəzəm görüşlərin, akademik mənbələrin formalaşdırılması istiqamətindəki birgə işin əhəmiyyətini vurğulayıb. F.Şəfiyev belə iclasların gələcəkdə Azərbaycan və Qazaxıstan ali təhsil müəssisələrinin iştirakı ilə birgə keçirilməsinin mümkünlüyünü qeyd edib.

Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Alim Bayel ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin vacibliyini vurğulayıb. COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişə toxunan diplomat bu layihələrin regionla yanaşı, qlobal səviyyədə də mühüm töhfələr verəcəyini bildirib. Hər iki ölkə üçün prioritet istiqamətlərdən danışan səfir beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın və Qazaxıstanın bir-birinə daim qarşılıqlı dəstək nümayiş etdirdiyini deyib.

Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun direktoru Erkin Tukumov son illərdə iki ölkə arasında münasibətlərin intensivləşməsi, Azərbaycanın Qazaxıstanın Cənubi Qafqazdakı əsas tərəfdaşı olduğunu və bu tərəfdaşlığın ortaq strateji baxış və qarşılıqlı dəstəyə əsaslandığı bildirib. O, deyib: "Nəqliyyat və tranzit dinamikasında əhəmiyyətli artım var. Təkcə son bir ildə Trans-Xəzər marşrutu üzrə daşımaların həcmi 62% və ya 4,5 milyon ton yük artıb. Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft nəqlinin həcmi 1,4 milyon ton təşkil edib və biz ortamüddətli perspektivdə bu həcmin ildə 2,2 milyon tona çatacağını gözləyirik”.

Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyinin müşaviri Rövşən Kazımov ikitərəfli münasibətlərin artan dinamikasının məmnunluq doğurduğunu, Qazaxıstan Respublikası tərəfindən Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin qardaşlıq münasibətlərinin bariz nümunəsi olduğunu qeyd edib.

Daha sonra BMTM-in aparıcı məsləhətçisi Roza Bayramlı “Qazaxıstan-Azərbaycan: aktual məsələlər və ikitərəfli əməkdaşlığın perspektivləri” sərlövhəli icmalı təqdim edib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, Tətbiqi Etnosiyasi Tədqiqatlar İnstitutunun direktoru Talqat Kaliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktorunun müavini Ramin Qəmbərov, Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin Dəmir Yolu və Su Nəqliyyatı Komitəsinin Dəniz Limanları İdarəsinin rəisi Jasulan Kerimbayev, İqtisadi Tədqiqatlar İnstitutunun İdarə Heyətinin sədri Şahin Sadıqov, Beynəlxalq Türk Akademiyasının baş eksperti Timur Kozırev, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun Qlobal İqtisadiyyat və Davamlı İnkişaf Departamentinin baş eksperti Baurjan Umirzakov, “Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə çıxışlar ediblər.

Qeyd edək ki, Azərbaycan-Qazaxıstan Ekspert Şurasının I iclası 2022-ci il avqustun 19-da, ikinci iclas 2023-cü il aprelin 7-də, üçüncü iclas isə 2024-cü il martın 13-də keçirilib. Hər il keçirilən ekspert şurasının iclasları iki ölkənin mütəxəssislərini bir araya gətirir, akademik fikir mübadiləsi üçün əlverişli imkan yaradır.