Ukrayna rəsmisi Qərbə müraciət edib

Ukrayna rəsmisi Qərbə müraciət edib

20 Noyabr 2023

“Məhdud yardımla bağlı yanaşmanı dəyişmək lazımdır”.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov deyib.

O bildirib ki, Ukraynanın Qərb tərəfdaşlarından artan hərbi-texniki və maliyyə-iqtisadi yardıma ehtiyacı olacaq: “Həmçinin Ukraynanın xarici təhlükəsizlik zəmanətlərinə ehtiyacı var. Ən təsirli yol NATO-ya üzvlükdür. Müharibədən sonra Ukrayna Avropa və dünya təhlükəsizliyinin yeni arxitekturasında öz layiqli yerini tutmaq istəyir. Biz etibarlı tərəfdaş olmağa hazırıq”.

O. Danilov söyləyib ki, Ukrayna ekzistensial problemlə üz-üzədir: "Ukrayna Prezidenti Volodimir Zelenski bizim strateji hədəfimizi - dövlətin və xalqın qorunub saxlanmasını, millətin inkişafının və əhalinin rifahının yüksəldilməsini aydın şəkildə müəyyən edir. Bu yolda Ukrayna çoxlu sayda təhlükə, çağırış və problemlərlə üzləşəcək. Amma 1991-ci il sərhədlərini bərpa etmək və gələcək hücumların qarşısını almaq lazımdır. Cəbhədəki döyüş əməliyyatlarının xarakteri dəyişir. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün sırf hərbi tədbirlər kifayət etmir. Hərbi, siyasi, iqtisadi, maliyyə, sənaye, texnoloji, diplomatik, sosial, humanitar addımlar paralel atılmalıdır”.

Müdafiə və Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, Krım məsələsi ilə bağlı Ukrayna və Qərbin mövqeyində fərqlər var: “Krım bir növ “Pandoranın qutusudur. Kreml məqsədlərindən əl çəkməyəcək. Rusiya uzunmüddətli müharibəyə hazırlaşır. Rusiya prosesə uyğunlaşa bildi. Rusiya Qərbin sanksiyalarına gözlənildiyindən daha davamlı çıxdı. Hazırda dünyada xaos hökm sürür. Vaşinqton və Pekin arasında geosiyasi rəqabət getdikcə artır. Yeni dünya nizamı, çoxqütblü dünya haqqında mesajlar getdikcə daha çox yayılır. Rusiya Ukrayna, Çin isə ABŞ üçün əsas təhlükədir, Çin-Rusiya-İran ittifaqı isə bütün dünyaya meydan oxuyur. Ukrayna bu müharibədə qalib gələcək”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam bərpa olunmadan savaş başa çatmayacaq. V. Zelenski daha əvvəl söyləmişdi ki, Qərbin dəstəyi olmasa, Ukrayna geri çəkiləcək.