“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə, 30-a qədər komanda mübarizə aparacaq.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, Aprelin 30-dan mayın 3-dək Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident Kuboku 2024” beynəlxalq reqatası keçiriləcək. 4 gün davam edəcək marafona 20-dən çox ölkədən – Azərbaycanla yanaşı Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Sloveniya, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna, Özbəkistandan olan komandalar qatılacaq.
Reqatanın rəsmi paradı aprelin 30-da Mingəçevir şəhəri Heydər Əliyev prospektində keçiriləcək. Parad saat 12:00-dən etibarən başlayacaq. “Prezident Kuboku-2024” beynəlxalq reqatasının açılış mərasimi və ilk yarışlar 1 may tarixində tarixi torpağımız Suqovuşanda baş tutacaq. Suqovuşan su anbarında 200 və 500 metr məsafədə kayak-kanoe yarışları olacaq. Reqata 2-3 may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə mübarizə aparacaqlar.
Mayın 3-də Mingəçevirdə “Prezident Kuboku-2024” beynəlxalq reqatasının bağlanış mərasimi olacaq. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Müxtəlif musiqi nömrələri ilə yanaşı son illərin ən populyar ifaçılarından Hiss solo ifası ilə bağlanış mərasiminə rəng qatacaq. Xatırladaq ki, “Prezident Kuboku” reqatası ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.
Mənsurə Hümbətova