NDU ilə "APF Group" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb -

NDU ilə "APF Group" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb - FOTO

08 Fevral 2024

Naxçıvan Dövlət Universiteti universitet-sənaye əməkdaşlıqlarını diqqətdə saxlayır. Bu məqsədlə ali təhsil ocağında növbəti əməkdaşlığın əsası qoyulub. Bu məqsədlə keçirilən görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayıb, belə görüşlərin gələcəkdə hər iki tərəf üçün verəcəyi perspektivləri qeyd edib, dünya təcrübəsində bu cür işbirliklərinin hər iki tərəf üçün verdiyi perspektivləri önə çəkib. Rektor diqqətə çatdırıb ki, ali təhsil müəssisəsinin  reytinq sıralamasında, nüfuzlu universitetlər sırasında yer almasında, qiymətləndirilməsində bu cür əməkdaşlıqların xüsusi əhəmiyyəti vardır.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, yeni yaradılmış “APF Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Fuad Əlizadə qeyd edib ki, fəaliyyəti göstərdiyi şirkət çoxprofilli olmağı ilə fərqlənir və  inşaat, kənd təsərrüfatı, otelçilik və qida sektorları olmaqla 4 əsas sahəni əhatə edir. Şirkətlər qrupunun başlıca missiyası iqtisadiyyatın qeyri-neft bölməsində düşünülmüş investisiya qoyuluşu edərək, ölkəmizdə artan investisiya tələbatının qarşılanmasına töhfə vermək, müasir texnologiya və innovativ həllərin tətbiqini, müştəriyə yönəlik xidmət konsepsiyasını təşviq etməkdir.

Görüşdə təhsil və sənaye sahələrində daha böyük nailiyyətlər əldə etmək məqsədilə müxtəlif layihələr və proqramlar, universitetdə yaradılacaq Texnoparkda “APF Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iş birliyi çərçivəsində tədqiqat və innovasiyaların inkşafına nail olmaq məqsədilə sənaye təcrübəsi və universitetin akademik potensialının birləşdirilməsi də nəzərdə tutulub.

Sonra ikitərəfli əməkdaşlığın perspektivləri nəzərə alınmaqla Naxçıvan Dövlət Universitetinin innovativ inkişafını dəstəkləyən qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanıb.

Qeyd edək ki, bu əməkdaşlıq akkreditasiya qaydalarına uyğun olaraq nəticələrə  əsaslanan universitet-sənaye əməkdaşlığının yaradılmasına  dəstək, tədqiqat, təlim, innovasiya, texnoloji inkişaf və potensialın gücləndirilməsi vasitəsilə ali təhsil üzrə kadr hazırlığı səviyyəsini artırmaq və təkmilləşdirmək, regionların dayanıqlı inkişafına dəstək məqsədilə müxtəlif əməkdaşlıq təşəbbüslərinin yaradılması üçün mexanizm yaratmaq və vasitələrlə təmin etmək məqsədilə yaradılıb. 

Elbrus İsayev universitet adından təşəkkürnaməni Fuad Əlizadəyə təqdim edib.

Mənsurə Hümbətova