NDU-da ulu Öndər Heydər Əliyevin 100 illiyinə   həsr   edilən Tələbə Elmi Cəmiyyətinin başlanğıc konfransı keçirilib - FOTO

NDU-da ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilən Tələbə Elmi Cəmiyyətinin başlanğıc konfransı keçirilib - FOTO

25 May 2023

Ali təhsil müəssisəsində 2022-2023-cü tədris ilində Tələbə Elmi Cəmiyyətinin xətti ilə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına həsr edilən konfrans təşkil edilib. Universitetin rektoru Elbrus İsayev çıxışında Azərbaycan elminin böyük hamisi Heydər Əliyevin ali təhsil ocağında 4 dəfə olmasını onun Naxçıvan təhsilinə, muxtar respublika ictimai mühitinə verdiyi qiymətin təzahürü kimi dəyərləndirib. Rektor gəncləri ümummilli liderin ideyalarından dərs almağa və hər dövr üçün örnək olan siyasəti dəstəkləməyə çağırıb. Elbrus İsayev Tələbə Elmi Cəmiyyəti üzvlərinin fəallığını, tələbələrin elmi işlərə həvəslə cəlb olunmasını yüksək qiymətləndirib. Vurğulanıb ki, ixtisaslı kadrların yetişməsində nəzəri biliklərin vacibliyi ilə yanaşı aparılan təcrübələr, həyata keçirilən elmi-tədqiqat işləri əsas diqqət mərkəzində olan məsələlərdəndir. Rektor konfransın işinə uğurlar arzulayıb.

NDU nun Telelviziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Universitet Tələbə Elmi Cəmiyyətinin sədri, Elm və innovasiyalar bölməsinin baş elmi işçisi Təbrizə Bağırova 2022-2023-cü tədris ilində Tələbə Elmi Cəmiyyəti xətti ilə yerinə yetirilən işlərin vəziyyəti və cəmiyyətin hədəfləri haqqında məlumat verib. Qeyd olunub ki, Tələbə Elmi Cəmiyyəti dərs ilinin əvvəlindən tələbələrin elmi-tədqiqat işlərinə start verir və bu proses aprel ayına qədər davam edir. Diqqətə çatdırılıb ki, hal-hazırda Tələbə Elmi Cəmiyyətinin strukturu 120 nəfər bakalavriat və magistratura pilləsində təhsil alan tələbələrdən ibarətdir. Bildirilib ki, artıq 1028 tələbə 2022-2023-cü tədris ilində 437 müəllimin rəhbərliyi ilə elmi-tədqiqat işlərini yekunlaşdırıb.

Sonra Beynəlxalq münasibətlər ixtisası üzrə IV kurs tələbəsi Fatimə Sultanovanın “Heydər Əliyev və Azərbaycan diplomatiyası”, Stomatologiya ixtisası üzrə II kurs tələbəsi Osman Tanın “Heydər Əliyev və gəncliyimiz”, Tibb ixtisası üzrə II kurs tələbəsi Əli Ələkbərlinin “Səhiyyə sistemi üçün yenilik – simsiz ekq və nəbz oksimetriya cihazı metodu  tətbiqinin tədqiqatı və əhəmiyyəti”, Musiqişünaslıq ixtisası üzrə III kurs tələbəsi Sərvət İbrahimovun “Musiqinin insan psixologiyasında rolu”, Biologiya müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Aydan Məhərrəmlinin, “Arı poleninin kimyəvi tərkibi, qidalılıq dəyəri və müalicəvi xüsusiyyətləri”, İnformasiya texnologiyaları ixtisası üzrə IV kurs tələbəsi Şəhriyar Quliyevin “Dərin neyral şəbəkələrlə süni mətnin hazırlanması: Süleyman Sani Axundovun pyeslərinin öyrədilməsi” mövzusunda çıxışları dinlənilib.

Məlumat üçün bildirək ki, Tələbə Elmi Cəmiyyətinin fakültələr üzrə konfransları 26 may tarixinədək davam edəcək.