Naxçıvanda “Yaradıcı müzakirələr”  layihəsi ilə bağlı təlimlər keçirilir -

Naxçıvanda “Yaradıcı müzakirələr” layihəsi ilə bağlı təlimlər keçirilir - FOTO

04 Dekabr 2023

Dekabrın 4-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı həftə” çərçivəsində Naxçıvanda “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsi ilə bağlı təlimlərə start verilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Naxçıvan Dövlət Texniki Kollecində baş tutan tədbirdə iştirakçıları salamlayan “Yaradıcı müzakirələr” layihəsinin koordinatoru Vüsal Süleymanlı keçiriləcək təlimlərlə bağlı məlumat verib. Diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən layihə  paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasının dəstəklənməsinə yönəlib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Piri Nağıyev  bildirib ki, layihə Naxçıvanlı gənclər üçün yenilik olmaqla yanaşı, yaradıcı gənclərin gələcək kariyeralarını qurmasına, milli ənənələrdən bəhrələnməklə mədəniyyətdən qazanc əldə etməyə köməklikdir. Aparat rəhbəri 10 yaradıcı klaster üzrə ölkəmizin  tanınmış simalarının bilik və təcrübələrini bölüşməsinin bütün iştirakçılar üçün əhəmiyyətli olacağını bildirib.

Sonra tanınmış incəsənət nümayəndələri-“YÜZ production”un müəllifi, aktyor, rejissor və ssenari müəllifi Taleh Yüzbəyov “Yaradıcı kinematoqrafiya: Ssenaridən ekrana”, “Azərxalça” ASC-nin kreativ direktoru, “Asmart Creative Hub” Mərkəzinin təsisçisi Əsmər Babayeva “Sərvət ipləri: biznes olaraq xalçaçılıq”, Mikro MMC-nin təsisçisi və direktoru, reper, prodüser Pərviz İsaqov “Pulun harmoniyaları: gəlir gətirən musiqi”, rəssam Erkin Ələkbərli “Mənfəətin fırça vuruşları: təsviri sənət biznesi”, Azərbaycan Animasiya Assosiyasiyasının İdarə Heyətinin sədri, Animafilmin direktoru, rejissor və ssenari müəllifi Rəşid Ağamalıyev “Mənfəət üçün canlandırma: animasiya sənəti və ticarəti” mövzusunda təlim keçib. Qarşılıqlı müzakirə formasında gerçəkləşən təlimlərdə iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, silsilə tədbirlər 5 dekabr tarixdə də davam edəcək.