Naxçıvanda V sinif şagirdinin solo konserti keçirilib -

Naxçıvanda V sinif şagirdinin solo konserti keçirilib - FOTO

06 Fevral 2025

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən istedadlı uşaqların, yeniyetmələrin bacarıq və qabiliyyətlərinin aşkara çıxarılması istiqamətində aparılan işlər davam etdirilir.

Belə ki, Naxçıvan Dövlət Uşaq teatrında Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin V sinif şagirdi İbrahim Abdullayevin solo konserti keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zeynəb Yusifova bildirib ki, hər bir xalqın dünya mədəniyyəti xəzinəsinə verdiyi özünəməxsus töhfələri vardır ki, bunlar həmin xalqın milli sərvəti sayılır. Milliliyimizin təsdiqi olmaqla bərabər, həm də dünyəviləşən belə dəyərlərimizdən biri də qədim çalğı alətimiz balabandır. Vurğulanıb ki, solo konserti keçirilən İbrahim Abdullayev Muxtar Respublikanın yaradılmasının 100 illiyinə həsr olunmuş “Naxçıvan istedadları” incəsənət festivalında birinci, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş muxtar respublika ifaçılıq müsabiqəsində isə ikinci dərəcəli diplomlara layiq görülmüşdür.

Tədbirin bədii hissəsində, “Rast” muğamı, “Cəngi” kompozisiyası, “Bayatı Şiraz” muğamı, “Tənzərə” yallısı və digər muğam və xalq mahnıları, rəqs nümunələri təqdim olunub.

Solo konsert tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.