Naxçıvanda Milli Mətbuat Günü qeyd edilib -

Naxçıvanda Milli Mətbuat Günü qeyd edilib - FOTO

22 İyul 2024

Naxçıvanda Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.

“Duzdağ” hotelində təşkil olunan tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, muxtar respublikada fəaliyyət göstərən media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra ötən 149 ilin qısa xronikası, dahi lider Heydər Əliyevin əsasını qoyduğu söz və mətbuat azadlığı,  Prezident İlham Əliyevin apardığı media islahatları nəticəsində ölkəmizdə bərqərar olan yaradıcı mühitlə bağlı Naxçıvan Televiziyasının hazırladığı videoçarx nümayiş etdirilib.

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli çıxış edərək milli mətbuatımızın ilk nümunəsi olan, 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrə başlamasını həmin dövrdə ölkəmizin ictimai-siyasi həyatının mühüm hadisəsi kimi dəyərləndirib. Azərbaycanda müasir medianın formalaşması və inkişafı üçün geniş imkanlar yaranması tarixinə də toxunan səlahiyyətli nümayəndə qeyd edib ki, 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılıb, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılıb, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülüb. Göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olub, habelə qəzet və jurnal bolluğu yaranıb.

Fuad Nəcəfli vurğulayıb ki, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə ölkəmizdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması həmişə dövlət başçısının diqqət mərkəzində olduğuna görə media subyektlərinə birdəfəlik yardımlar göstərilir, media işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilir. Həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə dövlətin qayğısı kimi dəyərləndirilməlidir.

Səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.

Səlahiyyətli nümayəndə onu da xüsusilə qeyd edib ki, 22 iyul həm də Ulu Öndər Heydər Əliyevin Naxçıvanda siyasi hakimiyyətə gəldiyi gündür. Dahi şəxsiyyətin 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, 2 gün sonra isə muxtar respublikaya gəlməsi naxçıvanlılara böyük ümid və sevinc bəxş edib, gələcək müstəqil Azərbaycanın təməlləri də elə məhz bu addımla müəyyən olunub.

Fuad Nəcəfli media nümayəndələrini, jurnalistləri 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra mükafataların təqdimatı olub.

Fəaliyyətində fərqlənən Naxçıvan teleradiosunun, “Şərq qapısı” qəzeti redaksiyasının, muxtar respublikada fəaliyyət göstərən digər media orqanlarının, informasiya agentliklərinin, eləcə də dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşları müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə baş tutub.