Naxçıvanda ilk dəfə keçirilən tədris-köməkçi heyət vəzifələri üzrə işə qəbul müsabiqəsində uğur qazanan namizədlərlə görüş keçirilib  -

Naxçıvanda ilk dəfə keçirilən tədris-köməkçi heyət vəzifələri üzrə işə qəbul müsabiqəsində uğur qazanan namizədlərlə görüş keçirilib - FOTO

08 Fevral 2024

Fevralın 8-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan təsərrüfat müdiri, kitabxana müdiri, kitabxanaçı, uşaq birliyi təşkilatının rəhbəri, psixoloq, laborant və katibə-makinaçı vəzifələri üzrə işə qəbul müsabiqəsində uğur qazanan namizədlərlə görüş keçirilib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, görüşdə müsabiqədə uğur qazanan namizədlərlə yanaşı, müsabiqənin təşkili üçün Təhsil Nazirliyi tərəfindən yaradılan komissiyanın üzvləri də iştirak edib. Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icracısı, nazir müavini Elxan Nəcəfov müsabiqədə uğur qazanan namizədləri təbrik edərək bildirmişdir ki, təhsil müəssisələrinin yüksək ixtisaslı kadrlarla təmin edilməsi və işə qəbul prosesinin şəffaf həyata keçirilməsi məqsədilə ilk dəfə təşkil olunan müsabiqə həmdə gənclərin işlə təminatında mühüm rol oynamışdır. Elxan Nəcəfov təhsil müəsisələrində yeni fəaliyyətə başlayan gənclərə tədris prosesinin düzgün təşkili, şagird nailiyyətlərinin artırılması və digər məsələlərlə bağlı tövsiyyələrini çatdıraraq, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb

Qeyd olunmuşdur ki, komissiya üzvləri Təhsil Nazirliyi tərəfindən keçiriləcək növbəti müsabiqələrin də qaydalara uyğun və şəfaf şəkildə təşkilini diqqətdə saxlamalıdır.

Qeyd edək ki, tədris–köməkçi heyət vəzifələri üzrə işə qəbul müsabiqəsinə 126 vakant vəzifə çıxarılmış, həmin vəzifələrə 604 namizəd sənəd vermiş, 2024-cü il dekabrın 9-da keçirilən müsabiqənin test mərhələsində sualların 50 faiz və daha çoxunu düzgün cavablandırmış namizədlərdən 345-i keçid balını toplamış sayılmış və müsahibə mərhələsinə buraxılıb. 25 dekabr 2023- 23 yanvar 2024-cü il tarixləri arasında keçirilən müsabiqənin müsahibə mərhələsində ən yüksək nəticə göstərən namizədlərdən 35-i daimi, 4-ü isə müvəqqəti olmaqla ümumilikdə 39 nəfər ümumtəhsil müəssisələrində tədris-köməkçi heyət vəzifələri üzrə işlə təmin olunub.

Məlumat üçün bildirək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəsissələrində vakant olan tədris–köməkçi heyət vəzifələri üzrə növbəti işə qəbul müsabiqəsinin 2023-2024-cü tədris ilinin sonlarında keçirilməsi nəzərdə tutulur.

Mənsurə Hümbətova