Naxçıvan Dövlət Universtetində 18 sentyabr- Milli Musiqi Günü qeyd olunub - FOTO
Naxçıvan Dövlət Universtetində 18 sentyabr- Milli Musiqi Günü münasibətilə tədbir keçirilib. Tədbirdən əvvəl universitet Elmi Kitabxanasının təşkilatçılığı ilə musiqi ədəbiyyatlarının təbliğinə həsr olunmuş sərgiyə baxış olub.
Rektor Milli Musiqi Günü münasibətilə konservatoriyanın müəllim və tələbələrini təbrik edib, onlara uğurlar arzulayıb. Rektor Azərbaycan klassik musiqi janrının inkişafında böyük xidmətləri olan dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığından, milli mədəniyyətimizə verdiyi misilsiz töhfələrdən söz açıb.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəylinin milli musiqi mədəniyyətinin inkişafında görkəmli ictimai xadim, dramaturq, alim, folklorşünas, pedaqoq kimi əvəzsiz rolu olub. Rektor qeyd edib ki, Azərbaycanda, eləcə də müsəlman Şərqində ilk Ali musiqi təhsil ocağı Konservatoriyanın 1921-ci ildə Üzeyir bəyin sayəsində yaradıldığını qeyd edərək universitetdə fəaliyyət göstərən Konservatoriyanın muxtar respublikada musiqiçi kadrların yetişməsində müstəsna rola malik olduğunu diqqətə çəkib. Bundan başqa universitetin nəzdində fəaliyyət göstərən Musiqi Kolleci də peşəkar musiqiçi kadrların yetişməsinə zəmin yaradacaq-deyən Elbrus İsayev universitetdə bütün sahələrdə olduğu kimi musiqi sahəsindəki uğurlardan danışıb və İncəsənət fakültəsində yaradılan orkestrların milli musiqimizin inkişafında öz səylərini göstərdiyini bildirib. Rektor universitetin nəzdində fəaliyyət göstərən Simfonik orkestri muxtar respublikada ilk olaraq dəyərləndirərək qeyd edib ki, artıq orkestr muxtar respublikada keçirilən müxtəlif dövlət tədbirlərində uğurlu çıxışları ilə yadda qalıb.
İncəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında 18 sentyabr Milli musiqi gününə həsr olunmuş konserti təqdim olunub.
Prezident mükafatçısı Sərxan Abdullayevin bədii rəhbərlik etdiyi “Buta” instrumental ansamblı, Prezident mükafatçısı Samir İsmayılov, İsrafil Qibləliyev, İlkin Abdullayevin fakültənin müəllim və tələbələrinin dahi bəstəkarın məşhur əsərlərindən ibarət ifaları konsert iştirakçılarında xoş ovqat yaradıb.
Vurğulayaq ki, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Uvertüra”, “Əsgərin Mahısı”, “Koroğlu” operasından Koroğlunun ariyası, həmçinin “Sənsiz”, “Çahargah” kompozisiyası ifaları konsertə xüsusi zövq qatıb.
Qeyd edək ki, həmin gün Naxçıvan Dövlət Universtetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kollecində də 18 sentyabr- Milli Musiqi günü qeyd olunub. Tədbirin bədii hissəsində Kollecin direktoru, Əməkdar müəllim Məhəbbət Babayeva və Əməkdar müəllim Səmirə Hüseynovanın çıxışları dinlənilib. Sonra kollecin müəllim və tələbələrinin Üzeyir Hacıbəylinin, Cahangir Cahangirovun, Səid Rüstəmovun və Nazim Əliverdibəyovun əsərlərindən ibarət musiqi nömrələri səsləndirilib.
Sonra Milli Musiqi Günü münasibətilə universitetin Konservatoriyasının professor-müəllim heyəti mükafatlandırılıb. Bu məqsədlə keçirilən tədbirdə rektor Elbrus İsayev, Azərbaycan Respublikasının Xalq artisi, professor Çingiz Axundov və simli alətlər üzrə IV kurs tələbəsi Nicat Həsənov çıxış ediblər. Naxçıvan Dövlət Universtetinin Simfonik orkestrindəki uğurlu fəaliyyətlərinə görə musiqiçilər aldıqları məvacibə uyğu pul mükafatı və təşəkkürnamə ilə təltif ediliblər.