Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasının internet saytı təkmilləşdirilib -

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasının internet saytı təkmilləşdirilib - FOTO

02 Aprel 2024

Bu məqsədlə keçirilən tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev universitet Elmi kitabxanasının elektronlaşdırılması barədə danışıb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, müasir dövrün tələbləri kitabxanalararası əlaqələri zəruri edir. Məhz bu nəzərə alınmaqla kitabxananın saytının yenilənməsi və təkmilləşdirilməsinə ciddi ehtiyac var idi. Rektor bildirib ki, Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin Qazi Universiteti  arasında imzalanmış əməkdaşlıq protokoluna əsasən NDU əməkdaşları Qazi Universitetinin kitabxana təcrübəsi ilə tanış olub, yeni texnologiyalar üzərində qurulmuş kitabxana modelinin iş prinsipini öyrəniblər. Diqqətə çatdırılıb ki, kitabxana eyni zamanda Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus proqramının “Azərbaycanda institusional repozitoriyalar (elektron arxivlər) şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişafı” (DIRNA) layihəsinə qoşulan Avropadan olan partnyor universitetlərlə yanaşı səkkiz Azərbaycan universitetindən biridir. Elbrus İsayev sözügedən layihə çərçivəsində ötən ay universitet əməkdaşlarının İtaliyanın L’Aquila Universitetində kitabxanalarda elektron arxivin yaradılması, kitabxana əməkdaşlarının tədqiqat nəticələrinə açıq çıxışının dəstəklənməsi, ölkə daxilində ali təhsil müəssisələri arasında elmi əlaqə və koordinasiyanı saxlamaq məqsədi ilə keçirilən təlimlərə qatıldıqlarını bildirib.

Universitet Elmi kitabxanasının direktoru Xumar Məmmədova göstərilən dəstəyə görə öz minnətdarlığını ifadə edib.

Universitetin İnformasiya Texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli yenidən əsaslı şəkildə təkmilləşdirilən sayt barədə məlumat verib. Bildirilib ki, universitetin Elmi Kitabxanasının rəsmi internet saytı və yeni proqram təminatı NDU-nun İnformasiya Texnologiyaları şöbəsi tərəfindən müasir proqramlaşdırma dillərindən istifadə edilərək hazırlanıb. Yenilənmiş internet səhifəsinin SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunması, optimizasiyası (SEO-Search Engine Optimization), axtarış sistemlərinə uyğunlaşdırılması, “Google” axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda görünməsi üçün zəruri texniki tədbirlər həyata keçirilib. Əvvəlki arxiv qorunub saxlanılıb, lazımi inteqrasiya işləri yerinə yetirilib.

Bildirilib ki, və  Ümumi dizayn, məzmun, istifadəçi rahatlığı, texniki imkanlar nəzərə alınmaqla 5 bölmə və 8 alt bölmədən ibarət yeni internet saytının (lib.ndu.edu.az) əsas menyusunda “Ana səhifə”, “Kitabxana”, “Elektron kataloq”, “Media”, “Bizimlə əlaqə” bölmələri yer alıb. Saytda kitabxana və onun strukturu haqqında məlumat, foto və videomateriallar, həmçinin kitabxananın əməkdaşları, keçirilən tədbirlər haqqında məlumatlar yerləşdirilib.

Vurğulanıb ki, saytın yenilənmiş versiyasının əsas üstün cəhətlərindən biri də mobil telefonlar üçün interfeysinin hazırlanmasıdır. Yenilənmiş saytdan kompüter, mobil telefon və planşet vasitəsilə istifadə etmək mümkündür.

Diqqətə çatdırılıb ki, saytın əsas xüsusiyyətlərindən biri də “İstifadəçi girişi” başlığı altında “Kataloqlaşdırma”, “Xəbərlər”, “Məsul şəxs”, “İstifadəçilər”, “Oxuyucular” və “Biblioqrafiya” bölmələri vasitəsilə yeni proqram təminatının imkanlarından istifadə olunmasıdır. “Bizimlə əlaqə” bölməsində universitetinin Elmi Kitabxanasının ünvanı, elektron poçtu, əlaqə telefonları yerləşdirilib. Vətəndaşlar aidiyyəti üzrə müraciətlərini asanlıqla elektron poçta (kitabxana@ndu.edu.az) göndərə biləcəklər. Eyni zamanda saytın universitetin sosial media hesablarına - “Facebook”, “Instagram”, “Linkedin” keçid imkanları mövcud olduğuna görə saytdakı materialları sosial şəbəkə hesablarında operativ şəkildə paylaşmaq mümkündür.

Saytın və proqram təminatının universitetin şəbəkəsində yaradılması kibertəhlükəsizlik baxımından zəmanət verir.

Mənsurə Hümbətova