Naxçıvan Dövlət Universitetində 28 May - Müstəqillik günü qeyd olunub - FOTO

Naxçıvan Dövlət Universitetində 28 May - Müstəqillik günü qeyd olunub - FOTO

26 May 2023

Ali təhsil ocağının İncəsənət fakültəsində 28 May-Müstəqillik gününə həsr olunan tədbirdə Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

NDU nun Telelviziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev  1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılan və xalqımızın dövlətçilik tarixində misilsiz rolu olan ilk demokratik, parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti barədə məlumat verib. Vurğulanıb ki, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan öz müstəqilliyini təmin edib. Rektor Azərbaycanda demokratik respublika yaradılmasını qədim dövlətçilik ənənələrinə malik xalqımızın qəhrəmanlıqlarla zəngin tarixinin ən şanlı səhifələrindən biri kimi dəyərləndirib. Elbrus İsayev Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün özünün ən qüdrətli dövrünü yaşayan, bölgədə söz, dünyada nüfuz sahibinə çevrilən gənc dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrini, müstəqillik, suverenlik, demokratik ideallarını və prinsiplərini layiqincə davam etdirdiyini xüsusi vurğulayıb.

Tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov Müstəqillik günü haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür.  Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olub. Qeyd edilib ki, 1918-ci ilin may ayının 28-də Azərbaycan milli şurası "İstiqlaliyyət Bəyannaməsi" ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan edib.

Sonra Tarix-filologiya fakültəsinin Tarix ixtisası üzrə I kurs tələbəsi Əziz Qasımovun çıxışı dinlənilib.

Sonda tədbirin bədii hissəsində müəllim və tələbələrin ifasında Üzeyir Hacıbəyovun “Koroğlu” operasından “Uvertüra”, Süleyman Ələsgərovun “Xəyala dalarkən”, “Daimi hərəkət”, Emin Sabitoğlunun “Sən olmuşam”, “Gözümdə leysan”, Cavanşir Quliyevin “Bura Vətəndir”, Vasif Allahverdiyevin “Azərbaycan”, Tofiq Quliyevin “Naxçıvani”  mahnı və musiqiləri iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.