Naxçıvan Dövlət Filarmoniyasının Ərzurum şəhərində dostluq konserti keçirilib - FOTO
Mayın 7-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri Türkiyə Respublikasının Ərzurum şəhərində konsert proqramı ilə çıxış edib. Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğunun dəstəyi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan Türkiyə- Azərbaycan dostluq konserti İbrahim Erkal Dadaş Mədəniyyət və Sənət Mərkəzində təşkil olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, musiqili gecədə Müslüm Maqomayevin “Azərbaycan”, Fikrət Əmirovun “Reyhan”, Aytən Alpmanın “Məmləkətim”, Üzeyir Hacıbəyovun “Çırpınırdın, Qaradəniz”, Emin Sabitoğlunun “Həyat bizimdir”, Elza İbrahimovanın “Ey Vətən”, Xanım İsmayılqızının “Dahi”, Kamalın “Xalq Heydər deyəcək”, Cavanşir Quliyevin “Azərbaycan-Türkiyə”, Ramiz Mirişlinin “Səadət” mahnıları, eləcə də xalq və xarici ölkə bəstəkarlarının əsərləri ifa edilib. Filarmoniyanın solistləri-Emin Hüseynov, Nərmin Hüseynova, Bəhruz Quliyev, Əfsanə Babayeva tərəfindən səsləndirilən əsərlər qardaş ölkənin sənətsevərləri tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılanıb.
Qeyd edək ki, Naxçıvan Dövlət Filarmoniyası Ulu öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə 9 may tarixdə Ərzincan şəhərində, 12 may tarixdə isə Müstəqillik Günü münasibəti ilə Ordu şəhərində konsert proqramı ilə çıxış edəcək.
Mənsurə Hümbətova