İstanbulda keçirilən növbəti Etnosport başa çatıb
İstanbulda keçirilən VI Etnosport Beynəlxalq Mədəniyyət Festivalı başa çatıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Dünya Etnosport Konfederasiyası tərəfindən təşkil olunan festival dörd gün davam edib.
Tədbirlə bağlı fikirlərini bölüşən konfederasiyanın rəhbəri Necmeddin Bilal Erdoğan festivalda dünyanın ənənəvi və fərqli mədəniyyətlərinin təmsil edildiyini xatırladaraq, kökümüzdən aldığımız ilham, adət-ənənələrimizdən aldığımız zənginliyin bizə güclü və parlaq gələcək vəd etdiyini deyib.
Ölkəmiz festivalda Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin 52 nəfərdən ibarət nümayəndə heyəti və “Azərbaycan çadırı” ilə təmsil olunublar.
Nümayəndə heyətimiz xalqımızın qəhrəmanlıq rəmzlərindən olan “Koroğlu”nun adını daşıyan şou-kompozisiya ilə çıxış ediblər. Kompozisiyanın əsasını Qarabağ atları, milli musiqimiz və zərif Azərbaycan rəqsləri təşkil edib. Bunun üçün xüsusi olaraq Azərbaycandan İstanbula 14 Qarabağ atı gətirilib.
Ankaradakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə qurulan “Azərbaycan çadırı”nda isə ölkəmizin milli-mədəni dəyərləri, eləcə də milli musiqi və rəqsləri, müxtəlif bölgələrimizə aid xalçalar, Azərbaycan kəndlisinin həyat tərzini əks etdirən ev əşyaları, milli geyimlər nümayiş etdirilib.
Qonaqlar canlı olaraq mütəxəssislərin Azərbaycan xalçasının toxunma prosesi, miniatür rəsmlərin yaradılması və ağac üzərində oyma sənətinə dair iş prosesini yaxından izləmək imkanı əldə ediblər. Tədbirin bədii hissəsində mərkəzin nəzdində fəaliyyət göstərən “Xəzər” rəqs ansamblının ifasında milli rəqslərimiz, azərbaycanlı gənc ritm ustalarının çıxışları, habelə Azərbaycanın Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin müəllimi, gənc xanəndə Habil Məmmədov və onun şagirdlərinin milli musiqimizə dair ifaları tamaşaçılara təqdim olunub.
Festivalın bağlanış mərasimində yarışlarda yüksək yer tutan idmançılara, eləcə də mədəni fəaliyyət göstərən iştirakçılara mükafatlar və sertifikatlar təqdim olunub.
İstanbulun Atatürk Hava Limanının ərazisində təşkil olunan tədbirdə dünyanın 30-dan çox ölkəsi iştirak edib.
Türkdilli xalqlara aid atçılıq, oxatma, güləş kimi milli idman növlərinin nümayiş etdirildiyi festivalda hər il fərqli coğrafiyaların özünəxas oyunları tanıdılır. Bu çərçivədə tədbirdə bu il ilk dəfə Rumıniyanın “Oina” milli idman növü nümayiş olunub.
Ziyarətçilərin böyük marağına səbəb olan festivalda dörd gün ərzində Türkiyənin məşhur ifaçılarının konsertləri, uşaqlar üçün müxtəlif əyləncəli tədbirlər, yarmarkalar və bir çox fərqli əyləncəli proqramlar keçirilib.
Qeyd edək ki, 2016-cı ildən etibarən Dünya Etnosport Konfederasiyası tərəfindən ənənəvi olaraq təşkil olunan festivalda indiyədək 50-dən artıq ölkədən 250-dən çox idmançı iştirak edib. Hər il bir milyondan artıq ziyarətçi qəbul edən festivalda iştirakçı ölkələrin milli-mənəvi dəyərlərinin tanıdılması ilə yanaşı oxatma, yağlı güləş, at yarışları da daxil olmaqla müxtəlif ənənəvi idman növləri üzrə yarışlar keçirilir. Qarabağ atlarının nümayişləri isə hər il iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanır.