Əsassız varlanma nədir və hansı öhdəliklərdən yaranır ? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Əsassız varlanma nədir və hansı öhdəliklərdən yaranır ?
Cavab: Mülki Məcəllənin 14.2-ci maddəsində hüquq və öhdəliklərin yaranma əsaslarından biri kimi əsassız varlanma göstərilmişdir. Əsassız varlanmadan əmələ gələn öhdəliklər müstəqil olmaqla bərabər müqavilədənkənar öhdəlik hesab olunur.Əsassız varlanan şəxs (varlanmış şəxs) dedikdə hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edənlər nəzərdə tutulur. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Yəni nə qanunda, nə də tərəflər arasında bağlanmış müqavilədə əsassız varlanan şəxsə hər hansı əmlakın verilməsi nəzərdə tutulmur. Buna nümunə kimi şəxsə səhvən əmlak (pul və s.) göndərmək, mala (işə, xidmətə) görə təkrar ödəniş həyata keçirmək, başqasının əmlakından istifadə etmək göstərilə bilər.
Sualı cavablandırdı: Babək rayon prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas - Gülçin İsgəndərova