AMADA-nın nümayəndə heyəti Ümumdünya Antidopinq Agentliyinin iclasında iştirak edib

AMADA-nın nümayəndə heyəti Ümumdünya Antidopinq Agentliyinin iclasında iştirak edib

21 Noyabr 2024

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti Fransanın Strasburq şəhərində Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 66-cı iclasında iştirak edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirin gündəliyinə ötən iclasın hesabatının təsdiqi, antidopinq siyasətinin beynəlxalq hüquq çərçivəsində təşkili, yeni çağırışlar və gələcək görüşlərin planlaşdırılması kimi müxtəlif məsələlər daxil edilib.

İclas çərçivəsində gender bərabərliyinin təşviqi məqsədilə idmanda ədalətli şəraitin yaradılması barədə fikir mübadiləsi aparılıb. "Antidopinqdə Gender Bərabərliyinin Təminatı" (GECA) komitəsinin fəaliyyəti müzakirə mövzuları sırasında yer alıb.

Tədbirdə həmçinin "OneVoice" təşəbbüsünün əhəmiyyəti yüksək qiymətləndirilib. "OneVoice" dünyada antidopinq tədbirlərinin əlaqələndirilməsi və vahid strategiyanın inkişaf etdirilməsi məqsədi daşıyır. Təşəbbüsün niyyəti dövlət orqanlarının antidopinq sahəsində əməkdaşlığını gücləndirərək, dopinqə qarşı mübarizənin effektivliyini artırmaqdır. CAHAMA üzvləri təşəbbüsün tətbiqinə dair təkliflərlə çıxış ediblər.

İclasda idmançıların hüquqlarının beynəlxalq müstəvidə qorunması üçün müvafiq yeni təşəbbüslərin ortaya qoyulması ilə yanaşı, qarşıya çıxan problemlərin həll yolları da müzakirə edilib.