Cəlil Məmmədquluzadənin anadan olmasının ildönümü ilə bağlı tədbir keçirilib

Cəlil Məmmədquluzadənin anadan olmasının ildönümü ilə bağlı tədbir keçirilib

07 Fevral 2025

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində dramaturq, publisist, '' Molla Nəsrəddin'' ədəbi məktəbinin, tənqidi realizmin banisi,görkəmli yazıçı Cəlil Məmmədquluzadənin anadan olmasının 156-cı ildönümünə həsr olunmuş "Görkəmli yazıçı və böyük demokrat Cəlil Məmmədquluzadə -156" mövzusunda tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, muzeyinin direktoru Aləmzər İbrahimova " Cəlil Məmmədquluzadə yaradıcılığına dövlət qayğısı və Naxçıvanda Cəlil Məmmədquluzadə muzeyləri" mövzusunda çıxış edərək bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində C.Məmmədquluzadənin ədəbi-mədəni irsinə qayğı ilə yanaşmış , bu irsin nəinki ölkədə ,hətta ölkə hüdudlarından kənarda da təbliği istiqamətində bir çox tədbirlərin hazırlanıb keçirilməsinin təşəbbüskarı olmuşdur. Ulu öndərin Cəlil Məmmədquluzadə irsinə qayğı sahəsindəki nəcib əməlləri onun varisləri tərəfindən də bu gün uğurla davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Asim Əliyev "Cəlil Məmmədquluzadə yaradıcılığı" mövzusunda çıxış edərək kiçik hekayənin böyük ustadı kimi tanınan ədibin "Dəllək","Qurbanəli bəy","Yuxu","İranda hürriyyət","Xanın təsbehi","Quzu","İki alma"və b.hekayələrinin nəsrimizin dəyərli nümunələri kimi bu gün də maraqla oxunan əsərlər olduğunu vurğulayıb.

Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Naxçıvan Bölməsinin Ədəbiyyatşünaslıq şöbəsinin müdiri Ramiz Qasımov ''Mirzə Cəlilin vətəndaşlıq məfkurəsi" mövzusunda çıxış etmiş və Cəlil Məmmədquluzadənin ədəbiyyatımıza gətirdiyi yeniliklərdən geniş şəkildə bəhs edib.

Cəlil Məmmədquluzadə adına Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin şagirdlərinin "Poçt qutusu "hekayəsinə hazırladığı səhnəcik göstərilib.

Sonda Cəlil Məmmədquluzadəyə həsr olunmuş guşəyə baxış keçirilib.