Bu gün Xalq rəssamı Böyükağa Mirzəzadənin doğum günüdür
Əsl rəssam rənglər dünyasının elə sakinidir ki, ondan başqa heç kəs bu füsunkar aləmin özünəməxsus səsini eşidə bilmir. Azərbaycan milli rəngkarlıq məktəbinə Avropa ruhunu gətirərək onun daha da zənginləşdirən, XX əsrin yetirdiyi çox istedadlı rəssam Böyükağa Mirzəzadə də belə sənət adamlarındandır.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu gün Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasının 103-cü ildönümü tamam olur.
Görkəmli fırça ustası klassik ənənələrlə müasir standartları birləşdirərək Avropa rəngkarlığını Azərbaycan təsviri sənəti ilə məharətlə uzlaşdırmışdır. Müasirləri onun haqqında “Böyükağa Mirzəzadə - Böyük Ağadır. Sənətin həqiqətən böyük Ağası”dır, - deyiblər.
Azərbaycan incəsənətinin tərəqqisinə layiqli töhfələr vermiş istedadlı sənətkarlar sırasında onun da adı fəxrlə çəkilir. O, sənətinin qüdrəti ilə ölkəmizin sərhədlərindən uzaqlarda da şöhrət qazanıb, yaratdığı əsərlərlə Azərbaycan təsviri sənət tarixinə öz adını əbədi həkk edib.
Böyükağa Mirzəzadə 1921-ci il fevralın 21-də Bakının Fatmayı qəsəbəsində dünyaya göz açmışdır. O, sənətə təsadüf nəticəsində gəlib. Atası onun həkim olmasını arzulayırmış. Gələcək rəssamın yoldaşları - sonradan Azərbaycanın böyük sənətkarı olacaq Mikayıl Abdullayev, Muxtar Cəfərov kimi insanlar onu sənədlərini rəssamlıq məktəbinə verməyə inandırırlar. Elə bu insanların da məsləhəti ilə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyan Böyükağa Mirzəzadə yaradıcılığa erkən yaşlarında başlayıb. Onun hələ gənclik illərində rəngkarlıq, qrafika rəssamlığı və digər janrlarda, müxtəlif mövzularda yaratdığı əsərlər qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə daxil olub.
Texnikum təhsili ilə kifayətlənməyən Böyükağa Mirzəzadə İ.V.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olur. Lakin İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar təhsilini yarımçıq qoyur və Bakıya qayıdır. 1940-cı ildən etibarən yerli və beynəlxalq sərgilərdə fəal iştirak edib. 1960-cı ildə Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi, 1966-cı ildə Üzeyir Hacıbəylı adına Dövlət mükafatına və 1967-ci ildə isə Xalq rəssamı fəxri adına layiq görülüb. B.Mirzəzadə keçmiş Çexoslovakiya, həmçinin Fransa, İtaliya və digər xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub. Rəssamın xaricdə və ölkəmizdə bir çox fərdi sərgisi təşkil edilib. Onun əsərləri ölkəmizlə yanaşı, xarici ölkələrin muzey, qalereya və şəxsi kolleksiyalarında da saxlanılır.
Rəssamın yaradıcılığı həm çoxşaxəli və həm də məhsuldar olub. Böyükağa Mirzəzadə rəssamlıq sənətinin bir neçə janrında eyni dərəcədə yüksək sənət meyarlarına uyğun əsərlər yaradıb. Rəssamın süjetli tablo, mənzərə, portret, natürmort, teatr–dekorasiya və digər sahələrdə yaratdığı sənət nümunələrinə nəzər yetirərkən, sənətkarın yaradıcılıq dühasının genişliyi və əhatəliliyinin, cəsarətli rəng çalarlarının, bədii təxəyyülünün və ecazkar fırçasının qüdrətinin bir daha şahidi olursan.
Kompozisiya aydınlığını, işıq–kölgə həllində təsirliliyi, kolorit zənginliyini, plenerə hədsiz marağını, impressionist ənənələrinə xüsusi meyilliyi rəssamın yaradıcılığının səciyyəvi xüsusiyyətləridir. Rəssam süjetli tabloların gözəl nümunələrini yaradıb. Bunlardan “Pambıq tarlasında”, “Pambıq yığımı”, “Çimərlikdə”, “Günorta”, “Bizim Lənkəranda”, “Xəzər neftçiləri”, “Bizim kəndin insanları”, “Səhnə arxasında” və digər əsərlərini qeyd etmək olar. “Çimərlikdə” adlı əsərində rəssam Abşeron çimərliklərində adi həyat hadisəsini fırçaya alıb. Surətlərin inandırıcı sadə hərəkətləri, isti günəş şüalarının və sahilin qızmar qumlarının koloriti ustalıqla təsvir olunub.
B.Mirzəzadənin yaradıcılığında süjetin kətanın hüdudlarından kənara çıxarılması, plenerdə işlənilməsi, günəş işığının bolluğu, bir qədər adi görünən mövzuların seçilməsi və obrazların ani, təbii hərəkətlərdə təsvir edilməsi metodu rəssamın əsərlərində özünü qabarıq şəkildə büruzə verir. Onun bu metodla işləməsini rəssamın impressionist cərəyanına və bu cərəyanın nümayəndələrinə xüsusi rəğbəti ilə izah etmək olar.
“Səhnə arxasında” adlı əsər də rəssamın yaddaqalan əsərlərindəndir. Kompozisiyada balerinaların çıxışdan əvvəlki vəziyyətləri təsvir edilib. Surətlərin hazırlaşdıqları məqam – obrazların bəzilərinin məşq zamanı keçirdiyi ehtiraslı hisslər, bəzilərinin həyəcanlı şəkildə səhnəyə yönəlmiş nəzərləri yüksək ustalıqla, duyğulandırıcı şəkildə boyaların dili ilə bədiiləşdirilib. Surətlərin daxili psixoloji gərginliyi, “yüngül” ritmik harmoniyası və tablonun kolorit həlli mahiranə rəng çalarları ilə işlənilib və əsərin bədii təsir qüvvəsi olduqca təsirlidir. Əsərin rəng qammasında rənglərin keçidləri ustalıqla əlaqələndirilib.
Böyükağa Mirzəzadənin yaradıcılığında əsas yerlərdən birini də portret janrı tutur, onun bu sahədəki fəaliyyəti diqqəti xüsusilə cəlb edir. O, Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərin portretlərini işləmişdir. Maestro Niyazinin, Səttar Bəhlulzadənin, Şəmsi Bədəlbəylinin, Lətif Kərimovun, Mirəli Seyidzadənin, Xəyyam Mirzəzadənin yağlı boya ilə çəkilmiş portretləri olduqca məzmunludur. Yaradıcı insanların daxili aləmini, duyğu və düşüncələrini zahiri görünüşdə, rənglərin dili ilə ustalıqla ifadə etməyi bacaran Böyükağa Mirzəzadə bu baxımdan müxtəlif əmək adamlarının, həm də həyat yoldaşının, yaxın dostlarının da portretlərini yaradıb. Rəssamın çəkdiyi portretlərə tamaşa edəndə onun həssas müşahidə qabiliyyətinə malik olmasını, obrazının daxili mənəvi dünyasına nüfuz edərək, onları mahiranə rəng çalarları ilə yaratdığını görmək olar. “Niyazinin portreti”ndə rəssam dirijoru səhnədə konsert zamanı təsvir edib. Sənətkarın dəqiq təsvir edilmiş rəsmi və onun əlindəki dirijor çubuğunun ritmik hərəkəti obraza peşəsindən irəli gələn harmonik bağlılıq verir. Rəssam dirijorun daxili mənəvi dünyasını kolorit həllinin köməyi ilə tamaşaçıya çatdıra bilib. “Şəmsi Bədəlbəylinin portreti”ndə rəssam yaradıcı sənət adamının yaddaqalan obrazını boyaların dili ilə bədiiləşdirib. Əsərin kolorit həlli ustalıqla işlənib.
“Bəstəkar Xəyyam Mirzəzadənin portreti”ndə rəssam istedadlı bəstəkarımızın yaddaqalan bədii obrazını rənglərin xüsusi dili ilə məharətlə ifadə edib, onun yaradıcı daxili dünyasını ustalıqla kətanda əks etdirə bilib. Rəssamın portret sahəsindəki diqqətçəkən fəaliyyətindən biri də avtoportret janrında çox işləməsidir. Avtoportret yaratmaqda bənzərsizliyi onu öz həmkarlarından fərqləndirən cəhətdir. Ovqatdan asılı olaraq yaradılmış avtoportretlərdə unudulmaz rəssamın təkcə bioqrafiyası, ömür yolu deyil, iç dünyası, ətraf aləmə münasibəti, kədəri və sevinci də əks olunub.
Böyükağa Mirzəzadənin mənzərələri də baxımlıdır. Xüsusilə də Abşeron, Xəzər dənizi, Qız qalası, Bakı kəndləri ilə bağlı yaratdığı əsərlər fərqlənir. Onun əsərlərində Abşeronun gözəllikləri dilə gəlir. Azərbaycanın elə bir guşəsi yoxdur ki, Böyükağa Mirzəzadə öz fırçasını o ünvana yönəltməsin. Xarici ölkələri dolaşdıqca aldığı təəssüratlar da rəssamın yaradıcılığında öz əksini tapmışdır.
Rəssam, eyni zamanda, yaddaqalan natürmortlar müəllifi kimi də tanınır. Böyükağa Mirzəzadə güllərlə bağlı xeyli sayda natürmort yaratmışdır. “Sarı güllər”, “Tüstü ilə natürmort”, “Dolça ilə natürmort”, “Qızılgüllər”, “Güllərlə natürmort”, “Bankalı natürmort” kimi əsərlər rəssamın yaradıcılığında xüsusi yer tutur. B.Mirzəzadə həm də İ.Əfəndiyevin “Mənim günahım” pyesinə, Z.Bağırovun “Qayınana”, İ.Kalmanın “Bayadera” musiqili komediyalarına bədii tərtibat verib.
Böyükağa Mirzəzadə rəssamlıqla yanaşı, pedaqoji fəaliyyət də göstərmişdir. Neçə-neçə gənc istedadlı rəssam kadrın yetişməsində və təsviri sənətimizin zənginləşməsində əməyi olub. O, uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim, dosent, professor və kafedra müdiri kimi çalışıb. Onun yetirdiyi tələbələrin əksəriyyəti Azərbaycanın məşhur rəssamlarıdır. B.Mirzəzadənin yaradıcılığı xalqımız və dövlətimiz tərəfindən daim dəyərləndirilib. Rəssam 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib.
Böyükağa Mirzəzadə 2007-ci il noyabrın 3-də, 86 yaşında dünyasını dəyişib.
Mənsurə Hümbətova