
Bəhruz Kəngərlinin anım günü ilə bağlı tədbir keçirilib - FOTO
Bəhruz Kəngərli Muzeyində rəssamın anım gününə həsr olunmuş “Bəhruz Kəngərli işığında” adlı tədbir keçirilmişdir. Tədbiri muzeyin direktoru S.Əlincəli açaraq Bəhruz bəy Kəngərlinin yaradıcılığından bəhs etmişdir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, milli rəssamlığımızın inkişafında özünəməxsus rol oynayan, Azərbaycanın təsviri sənətinə milli ruh gətirən, ilk realist fırça ustası Bəhruz Kəngərli 1922-ci il fevral ayının 7-də 30 yaşında dünyaya vida etmişdir. Dünyadan nakam getmiş rəssam özündən sonra xalqına dəyərli irs qoymuşdur.
Vurğulanmışdır ki, Azərbaycan incəsənəti tarixini yeni ideyalarla zənginləşdirən Bəhruz bəy Kəngərliyə həsr olunmuş çoxsaylı ədəbi nümunələr təsviri və tətbiqi sənət əsərləri vardır. Həyatdan vaxtsız getmiş böyük sənətkarın yaradıcılığı ədəbiyyat və incəsənət nümayəndələrinin diqqətini cəlb etmiş, görkəmli rəssam haqqında şeirlər, nəsr və dram əsərləri yazılmışdır. Eyni zamanda Naxçıvana həsr olunmuş poetik nümunələrin bir çoxunda Bəhruz Kəngərlinin adı çəkilir, rəssamdan iftixarla bəhs edilir. Bəhruz Kəngərli portret və mənzərə janrında, tarixi mövzuda yaratdığı ölməz əsərləri ilə Azərbaycan xalqının qəlbində daima yaşayacaqdır.
Sonra Naxçıvanlı şairlərin çıxışları dinlənilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Elxan Yurdoğlu, Təranə Arifqızı, Sona Amal, Əzizə Həsənova, Rahilə Nuriyeva, Rəqsanə Tapdıqqızı, şairlər Dilbər Şahbuzlu, Süsən Əliqızı Bəhruz Kəngərliyə həsr olunmuş şeirlərini səsləndirmişlər.
Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış keçirilmişdir.