AMEA Məhəmməd Füzuli və bir neçə akademikin yubileylərinin qeyd olunması ilə bağlı qərarlar qəbul edib

AMEA Məhəmməd Füzuli və bir neçə akademikin yubileylərinin qeyd olunması ilə bağlı qərarlar qəbul edib

23 Fevral 2024

Azərbaycan Prezidenti İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli Sərəncamının icrası ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tədbirlər planı” təsdiq olunub.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə AMEA Rəyasət Heyətinin iclasında müzakirə aparılıb.

Bildirilib ki, AMEA-nın tədbirlər planına əsasən, “Məhəmməd Füzuli və türk dünyası”, “Məhəmməd Füzuli və dünya ədəbiyyatı”, “Şərq poeziyasının Məhəmməd Füzuli zirvəsi”, “Məhəmməd Füzulinin dili”, “Məhəmməd Füzuli: sələflər və xələflər – Orta əsrlər əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri”, “Füzuli və Şərq folkloru”, “Füzuli dünyası Azərbaycan incəsənətində”, “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli: dövrü və mühiti”, “Böyük Azərbaycan şairi Məhəmməd Füzuli türk - müsəlman mədəniyyətinin dahi yetirməsi kimi”, “Məhəmməd Füzulinin irsi və müasirlik fəlsəfi kontekstdə”, “Məhəmməd Füzulinin yaradıcılığında sülh və birgəyaşayış məsələləri” və s. mövzusunda konfransların və dəyirmi masaların keçirilməsi qərara alınıb.

İclasda, həmçinin AMEA-nın Direktorlar Şurasının və AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin Əsasnamələri təsdiqlənib, “AMEA-nın tabeliyində olan və əhatə etdiyi elm və ali təhsil müəssisələrinin 2023-cü ilə dair hesabat məcmuəsi” və AMEA-nın “Fəxri fərmanı”, “Fəxri diplomu”, “İlin gənc alimi diplomu” və “İstinadda rekord diplomu” kimi təltif sənədlərinin nümunələrinin təsdiq edilməsi haqqında qərarlar qəbul olunub.

İclasda, həmçinin akademik Soltan Mehdiyevin 110, akademik Məhərrəm Məmmədyarovun 100, akademik Bahadur Tağıyevin 90 və AMEA-nın müxbir üzvü Yusif Əmənzadənin 110 illik yubileylərinin qeyd olunması haqqında qərarlar qəbul olunub.

Mənsurə Hümbətova