
Şəhid İbrahim Vəlizadənin mövlud günü qeyd olunub - FOTO
Bu gün 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Vəlizadə İbrahim Malik oğlunun ad günü qeyd edildi.
Şəhidimizin xatirəsi doğulduğu Babək rayonunun Yarımca kəndində keçirilən tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısının müavinləri və aparat əməkdaşları, Naxçıvan Ali Məclisinin deputatları, dövlət qurumlarının və güc strukturlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi, dövlət himni səsləndirildi, dualar oxundu.
Tədbirdə çıxış edən Babək rayon İcra başçısının müavini Səbinə Abbasova 44 günlük Vətən müharibəsində öz şücaətləri və qəhrəmanlıqları ilə tarixə düşən Naxçıvan torpağının mərd oğullarının xidmətlərindən danışdı. Qeyd olundu ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri sırasında xidmət edən qəhrəman övladlarımız düşmənə və onun havadarlarına öz güclərini nümayiş etdirdi. İbrahim Vəlizadə kimi şəhidlərimiz hər zaman xalqımızın xatirələrində yaşayacaq, gələcək nəsillərimizə nümunə göstəriləcəkdir".
Çıxış edən digər tədbir iştirakçıları şəhid Vəlizadə İbrahimlə bağlı xatirələrini bölüşdülər.
Məktəblilər qəhrəmanlıq mövzusunda şeirləri bədii qiraət etdilər.
İbrahim Malik oğlu Vəlizadə 2 aprel 1997-ci ildə Babək rayonunun Yarımca kəndində anadan olub. İlk təhsilini Yarımca kənd tam orta məktəbində, sonrakı illərdə isə Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyində və Azərbaycan Ali Hərbi Məktəbində alıb. 2018-ci ildən "leytenant" rütbəsi ilə Tərtərdə yerləşən "N" saylı hərbi hissədə xüsusi təyinatlı kəşfiyyat qrupunun komandiri kimi fəaliyyət göstərib.
Vətən müharibəsi zamanı İbrahim Vəlizadə Murovdağ və Suqovuşan istiqamətində gedən döyüşlərdə şücaət göstərib. Dörd gün ərzində yoldaşları ilə birlikdə ac-susuz döyüş meydanında qalan İbrahim, yaralı vəziyyətdə hərbi hospitala yerləşdirilsə də, yenidən döyüşə qayıdaraq qəhrəmanlıq nümunəsi göstərib. 6 oktyabr 2020-ci ildə Suqovuşan ətrafında "951" yüksəkliyində gedən döyüşlərdə yoldaşını atəş altından çıxararkən düşmən snayperi tərəfindən şəhid olub.
Leytenant İbrahim Vəlizadə döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
İbrahim Vəlizadə 2018-ci ildə ailə qurmuş, oğluna şəhid Fərid Əhmədovun adını əmanət etmişdi. Təəssüf ki, oğlunu yalnız 10 gün görən İbrahim, döyüş meydanında şəhid olmazdan əvvəl son sözləri ilə balasını xatırlamışdı: "Kaş ki, balamı görə bilərdim, onun qoxusunu ciyərlərimə çəkib şəhid olardım."
Şəhidin atası Malik bəy göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə etdi. Tədbirin sonunda şəhidin xatirəsinə ehsan süfrəsi açıldı.
Leytenant İbrahim Vəlizadə kimi qəhrəmanlar Azərbaycan gəncliyi üçün əsl vətənpərvərlik nümunəsidir.
Ruhun şad olsun, ey vətən oğlu!
Bəxtiyar Əliyev
Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi
Azərbaycan Jurnalistlər Birliyinin üzvü