Aprel şəhidi yad edildi

Aprel şəhidi yad edildi

11 Aprel 2025

Leytenant Qabil Əbdüləli oğlu Orucəliyev 1991-ci il sentyabrın 15-də Naxçıvan şəhərində dünyaya gəlib. Uşaqlıq illəri həmin şəhərin Xıncov məhəlləsində keçib. Həyatın əbədi ayrılıq üzünü ilk dəfə atasının itkisi ilə görüb. Onda Qabilin on dörd yaşı olub. Dərd ağır gəlsə də, tablaşmağa çalışıb.

Arzusu, məqsədi vardı. Hərbçi olacaqdı. 2006-cı ildə arzusu yolunda ilk addımı atdı. Naxçıvanda yerləşən Heydər Əliyev adına Hərbi Liseyə qəbul olundu. 2009-cu ildə liseyi bitirdi. Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. 2013-cü ildə Ali Hərbi Məktəbi leytenant rütbəsi ilə başa vurdu. Gənc zabit hərb sənətinin sirlərinə daha dərindən yiyələnmək məqsədilə 2013-2014-ci illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təkmilləşdirmə kursu keçdi.

Xidməti vəzifəsini yerinə yetirmək üçün 2014-cü ildə Naftalan şəhərində yerləşən "N" saylı hərbi hissəyə getdi. Bir neçə ay xidmət edəndən sonra ön cəbhəyə göndərildi. Tərtərin Borsulu kəndi istiqamətində post komandiri olaraq xidmət göstərdi.

2015-ci ilin iyununda ailə qurmuşdu. 2016-cı il martın 29-da oğul övladı dünyaya gəldi. Oğluna atasının adı verildi.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində şiddətli döyüşlər başlayıb. Bu döyüşlərdə əsgər və zabitlərimiz düşmənin amansız hücumlarının qarşısını qətiyyətlə alır, ağır zərbələr endirirdilər.

2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə qarşı ağır döyüşdə iyirmi dörd yaşlı leytenant Qabil Orucəliyev yaxın dostları MAXE Adil Adilzadə və baş leytenant Cavid Dədəkişiyevlə birlikdə şəhid oldu.

Aprelin 11-i isə Qabil Orucəliyev doğulduğu Naxçıvan şəhərində son mənzilə yola salındı.

Bu gün Naxçıvan şəhərində şəhidin anım mərasimi keçirildi.

Yüzlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri, şəhid ailələri, qazilər, Naxçıvan Şəhər İcra hakimiyyətinin məsul şəxsləri, idarə-təşkilat və güc strukturları əməkdaşlarının da qatıldığı mərasimdə əvvəlcə Dövlət himni səsləndirildi. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Şəhidin məzarına tər çiçəklər düzülərək ruhuna dular oxundu.

Tədbirdə çıxış edənlər Qabilin həyatı və döyüş yolundan danışaraq onunla bağlı xatirələrini bölüşdülər.

Qabil Orucəliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Qəhrəmanımızın ruhu şad olsun.

Bəxtiyar ƏLİYEV

Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi

Azərbaycan Jurnalistlər Birliyinin üzvü