İbrahim Vəlizadənin adı yeni doğulan qardaşı oğluna verildi

İbrahim Vəlizadənin adı yeni doğulan qardaşı oğluna verildi

15 Aprel 2025

Şərur rayonunun Vərməziyar kəndində, 44 günlük Vətən müharibəsində itkin düşən leytenant Vəlizadə İbrahim Səməd oğlunun adı, yeni dünyaya gəlmiş qardaşı oğluna verilib. Bu münasibətlə, ailə tərəfindən təşkil edilən tədbirdə, şəhid ailələri, qazilər və yaxınlar bir araya gələrək sevinclərini paylaşdılar.

Tədbirdə, şəhid ataları, anaları və qazilər adına çıxış edənlər, balaca İbrahimin valideyinləri, babası Səməd bəy və nənəsi Xurşud xanıma göz aydınlığı verdilər. Qonaqlar, balaca İbrahimin böyüdükcə əmisinin adını layiqincə daşıyacağına əmin olduqlarını bildirərək, ona sağlam və uzun ömür arzuladılar. Həmçinin, şəhid İbrahim Vəlizadənin valideyinlərinə səbr diləyərək, tezliklə İbrahimdən müsbət bir xəbər almaq ümidini ifadə etdilər.

Leytenant İbrahim Vəlizadə, 1998-ci il iyun ayının 11-də Şərur rayonunun Vərməziyar kəndində dünyaya gəlib. İlk təhsilini həmin kəndin tam orta məktəbində alan İbrahim, 2011-2014-cü illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirmişdir. Həmyaşıtlarından fərqlənən İbrahim, 2018-ci ildə Türkiyədə hərbi təhsilini başa vurduqdan sonra, 2014-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib.

Azərbaycan Ordusunun leytenantı olan İbrahim, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə itkin düşən İbrahim, Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən rəsmi olaraq itkin hesab edilib. Axtarışlar nəticə vermədiyindən, 2022-ci ilin noyabr ayında İbrahim Vəlizadəyə "şəhid" statusu verilib.

İbrahim Vəlizadə, sağlığında Silahlı Qüvvələrin 100 illik yubileyi münasibətilə "100 illik" medalı, "Kəlbəcərin azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif olunub. Bundan əlavə, 3-cü dərəcəli "Rəşadət" ordeni ilə də mükafatlandırılıb.

Şəhidin xatirəsi əbədiləşdirilərək, yaşadığı evin qarşısında xatirə lövhəsi asılıb, Şərur şəhər Şəhidlər xiyabanında büstü ucaldılıb. Vərməziyar kəndində isə şəhid İbrahim Vəlizadənin xatirəsinə bulaq istifadəyə verilib.

Bəxtiyar ƏLİYEV

Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü