Xalq artisti Rövşən Hüseynovun doğum günüdür -

Xalq artisti Rövşən Hüseynovun doğum günüdür - FOTO

06 Fevral 2025

Bu gün Azərbaycanın Xalq artisti, görkəmli teatr xadimi Rövşən Maqsud oğlu Hüseynovun doğum günüdür. 6 fevral 1954-cü ildə dünyaya gələn sənətkar ömrünün 50 ildən çoxunu teatr sənətinə həsr edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Rövşən Hüseynov hələ 14 yaşında – 1968-ci ilin dekabrında Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Onun teatr səhnəsində qazandığı ilk böyük uğur A. Makayonkun "Tribunal" əsərində canlandırdığı Volodka obrazı olub. O vaxtdan etibarən klassik və müasir dramaturqların əsərlərində müxtəlif xarakterli obrazlar yaradıb.

Rövşən Hüseynov uzun illər ərzində Azərbaycan teatr sənətinə dəyərli töhfələr verib. O, C. Cabbarlının "Solğun çiçəklər" əsərində Bəhram, H. Cavidin "Şeyx Sənan"ında Özdəmir, Ü. Hacıbəyovun "Məşədi İbad" komediyasında Həsənqulu bəy kimi rolları ilə tamaşaçıların sevgisini qazanıb.

Bundan başqa, aktyor "Müsyo Jordan və Dərviş Məstəli şah"da Müsyo Jordan, "Anamın kitabı"nda Rüstəm bəy, "Bəxt üzüyü"ndə Hüseyn obrazları ilə yadda qalıb. Onun səhnəyə qoyduğu hər bir obraz teatr sənətinə yeni nəfəs gətirib.

Son illərdə Rövşən Hüseynov rejissor kimi də fəaliyyət göstərir. O, "Koroğlu nəsli", "Hökmdar və qızı", "Yazığam sevmə məni" kimi tamaşalara quruluş verərək teatrın inkişafına töhfə verib.

Rövşən Hüseynovun sənət fəaliyyətinə dövlət tərəfindən yüksək qiymət verilib. O, 1987-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2008-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. 2006 və 2023-cü illərdə Prezident Mükafatına layiq görülən sənətkar bu gün də səhnədə aktyor və rejissor kimi fəaliyyətini davam etdirir.

Azərbaycan teatr sənətində özünəməxsus yer tutan Rövşən Hüseynovun doğum günü münasibətilə onu təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq!