Vüqar Mustafayev Tacikistanın ölkəmizdəki səfiri ilə görüşüb
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev fevralın 27-də Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmon ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, qonağı salamlayan V.Mustafayev Azərbaycan və Tacikistan hökumətləri arasında qarşılıqlı hörmət və etimadın mövcudluğunu, siyasi-iqtisadi və digər sahələrdə əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini bildirib. Nazir müdafiə sənayesi sahəsində çalışan mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkilinin önəmini vurğulayıb.
Səmimi qəbula görə, V.Mustafayevə minnətdarlığını ifadə edən İlxom Abduraxmon ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Səfir vurğulayıb ki, 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistana rəsmi səfəri zamanı bir sıra beynəlxalq sənədlərin imzalanması iki ölkə arasında münasibətlərin ən yüksək həddə olduğunun bariz nümunəsidir.
Diqqətə çatdırılıb ki, Tacikistanın hərbi sənaye kompleksinə daxil olan şirkətlər ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin müəssisələri arasında hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi əsas prioritet istiqamətlərdən biridir.
Görüş zamanı iki ölkə arasında müdafiə sənayesi sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Mənsurə Hümbətova