Şərur Rayon İcra Hakimiyyətinin saytı yenidən hazırlanıb
Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikada rəqəmsal idarəçiliyin tətbiq edilməsi, rəqəmsallaşmaya sürətli keçidin təmin olunması, o cümlədən dövlət qurumlarına aid veb səhifələrinin yenidən hazırlanaraq dövlət internet şəbəkəsində yerləşdirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Həyata keçirilən tədbirlərin davamı olaraq Nazirliyin mühəndis-proqramçıları tərəfindən Şərur rayonunun İcra Hakimiyyətinin veb-saytı yenidən hazırlanaraq AzStateNet şəbəkəsinə köçürülüb.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, istifadəçi rahatlığını nəzərə alaraq veb-sayt müxtəlif cihazların ekran ölçülərinə uyğun və innovativ yeniliklər əsasında müasir proqramlaşdırma üsullarından istifadə edilərək hazırlanıb. Həmçinin, internet resursu dizayn, quruluş və məzmun baxımından da istifadəçilər üçün əlçatan olması ilə də fərqlənir.
Hazırda sayta www.sherur-ih.gov.az ünvanından daxil olmaq mümkündür.
Yeni hazırlanan internet səhifəsinin domen ünvanı da müvafiq qaydada yenilənməklə domenə bağlı e-poçt adresi ilə təmin edilib.