“Rəqəmsal dünyada yaşıl gələcək” mövzusunda hibrid vebinar keçirilib -

“Rəqəmsal dünyada yaşıl gələcək” mövzusunda hibrid vebinar keçirilib - FOTO

25 Oktyabr 2024

COP29 çərçivəsində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə 25 oktyabr 2024-cü il tarixində “Rəqəmsal dünyada yaşıl gələcək” mövzusunda hibrid formada vebinar keçirilib.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Hibrid vebinarda Nazirliyin Aparatının və tabeliyindəki qurumlarının əməkdaşları, o cümlədən Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri, ümumilikdə 110 nəfər iştirak edib.

Vebinarda Nazirliyin əməkdaşları Kənan Hüseyinəliyevin “İqlim dəyişikliyinə qarşı texnoloji innovasiyalar və həllər”, Zeynəb Hüseynovanın  “Yaşıl nəqliyyatın gələcəyi” və “Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru Azər Məmmədrəhimovun isə “Yaşıl dünya naminə poçt sektorunda dəyişikliklər” mövzularında slaydlar və videomateriallar vasitəsilə çıxışları dinlənilib.

Bildirilib ki, bu gün dünyanı narahat edən qlobal problemlərdən biri də məhz iqlim dəyişmələridir. Ölkəmiz də qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb. Bu problemə qarşı mübarizədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də öz fəaliyyət istiqamətlərinə uyğun olaraq bir çox layihələr irəli sürüb. Belə ki, Nəqliyyat sahəsində daha dayanıqlı və aşağı karbon emissiyalı nəqliyyat sistemlərinə keçid vacibdir.  Həmçinin, poçt daşımalarında elektrikli nəqliyyat vasitələrindən istifadə və poçt sahəsində yaşıl enerjini tətbiq etməklə poçt binalarında və poçtun emalı proseslərində enerji səmərəliliyini artırmaq və yenilənən enerji mənbələrindən istifadə etmək yolu ilə karbon emissiyalarını azaltmaq mümkündür.

Qeyd olunanlarla yanaşı vebinarda rəqəmsallaşma sahəsində tullantıların idarə olunması və tullantıdan hazırlanan enerji sistemləri, ağıllı küçə işıqlandırması, yaşıl sertifikatlı binalar və İKT ofisləri, kağız tullantılarının azaldılması üçün rəqəmsal əməliyyatların və öyrənmə modulları vasitəsilə yaşıl texnologiyaların təşviqi, suya qənaət, data mərkəzlərində effektiv soyutma sistemlərinin qurulması, o cümlədən  poçt sahəsində alternativ çatdırılma üsullarından istifadə haqqında da əhəmiyyətli fikirlər səsləndirilib.

Interaktiv davam edən tədbirdə Nazirliyin fəaliyyət istiqamətləri üzrə yeni qoşulan “Rəqəmsal könüllülərin” təqdimatı olub, onların da mövzular barəsində rəy və fikirləri öyrənilib.