Səməd Canbaxşiyev:

Səməd Canbaxşiyev: Teatr və sənət adamı...

19 Mart 2024

Onun haqqında danışmaq üçün o qədər xoş söz, maraqlı fakt və fikirlər var ki. Adam həm ziyalı, həm də insan kimi öz münasibətləri, davranışları ilə ətrafındakıların hörmətini  qazanmağı bacarıb. Onunla bircə dəfə görüşüb söhbət etmək kifayətdir ki, səmimi, yumor hissi güclü, hərtərəfli biliyə malik olan bir sənətkar kimi yadında qalsın. Hələ o da qala, onunla dost olub, uzun illər bir yerdə çalışasan. Açığını deyim ki, bu adamla uzun yol getsən, hətta mən deyərdim ki, ən çətin problemlərin həlli üçün bir yerdə işləsən, heç vaxt darıxmaz və ruhdan düşməzsən. Söhbət Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini Səməd Canbaxşiyevdən gedir.

Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, rejissor, aktyor, jurnalist, müəllim kimi az qala ölkə səviyyəsində tanınan sadə bir insandır. Hər halda özü belə deyir. Amma o da var ki, istər KİV, istərsə də mədəniyyət sahəsində çalışanlar onu yaxşı tanıyır. Bu il 52 yaşını tamam edir.  Amma ilk baxışdan bu yaşı ona vermək olmur. Özünün dediyinə görə, xasiyyətinin şən və nikbin olması, sağlam həyat tərzidir belə cavan qalmasına səbəb. Bir də yaxşı, səmimi dostları...

İndi isə yaxından tanıyaq onu. Səməd Canbağış oğlu Canbaxşiyev 1972-ci il mart ayının 19-da Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Külüs kəndində anadan olub. Həmin kənddə orta məktəbi gümüş medalla bitirib. Bəlkə də elə bu gün hər mövzuda söhbət etməsinin səbəbi də təməl biliyinin, savadının yetərincə  olmasıdır. Həyatında bir sıra ilkləri var. Məsələn, doğulduğu kəndin ilk peşəkar təhsil alan jurnalisti, 1990-cı ildə yaranan Naxçıvan Dövlət Kukla Teatrının ilk aktyorlarından biridir. Hətta mən deyərdim ki, muxtar respublikada aktyorluqla və jurnalistika ilə paralel məşğul olan ilk peşəkardır. Çünki  həmişə cəmiyyət tərəfindən ciddi və rəsmi sayılan xəbərləri juralist bacarığı və aktyor ustalığı ilə tamaşaçılara uğurla təqdim edib. Onun Naxçıvan jurnalistikasında qaldırdığı məsələlər, problemlər, verdiyi təkliflər həmişə orijinal olub. Elədiyi stendaplar özü bir mövzudur. 1990-92-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidmətini Almaniyada yerləşən Sovet qoşunlarının tərkibində keçməsi də onun dünyagörüşünə müsbət təsir edən amillərdəndir. Bəs niyə iki peşə ilə məşğul olub-yəqin ki, oxucuda bu sual yarandı. Əlbəttə, cavabı da maraqlıdır. Səməd Canbaxşiyev 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivi rejissoru və eyni zamanda Bakı Dövlət Universitetinin jurnalistika fakültələrinə (hər ikisi qiyabi təhsil) daxil olub. Özü deyir ki, əslində həmişə, 4-cü sinifdən aktyor olmaq istəmişəm. Amma orta məktəbdə oxuyanda hərdən məqalələr də yazmışam. Sinifdə çıxan “Şimşək” adlı divar qəzetinin baş redaktoru olmuşam. Sonradan müstəqillik illərində ali təhsil üçün geniş  imkan yarananda jurnalistikanı da seçdim və hər ikisini paralel oxudum. Və hər ikisi də, deyəsən, alındı. 1992-ci ildə hərbi xidmətdən qayıdandan sonra Kukla teatrında fəaliyyətini davam etdirib. Həm oxuyub, həm də teatrda işləyib, eyni zamanda muxtar respublika, onun ziyalıları ilə bağlı yazılarla mərkəzi mətbuatda çıxış edib. 1993-cü ildə İslam Səfərli ilə bağlı yazdığı yazıya görə o zaman Bakıda çıxan  “Naxçıvan” qəzetinin baş redaktoru onu işə dəvət eləmək üçün Bakı Dövlət Universitetinə qədər gəlib. Amma “Naxçıvan” qəzetində deyil, Naxçıvan şəhərində  işləməyə və yaşamağa üstünlük verib. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini, 1998-ci ildə BDU-nu bitirib. Bu vaxt ərzində isə qiyabi ali təhsil aldığı üçün çalışmaqda davam edib.1996-cı ildən Naxçıvan Dövlət Musiqili Dram teatrında aktyor və rejissor assistenti kimi çalışıb. Kukla teatrında 20-yə qədər müxtəlif nağıl qəhrəmanları və obrazları özünəməxsus üslubda oynaya bilib. Sonradan 1998-ci ildə Azərbaycan Dövlət Televiziyasından da uşaq verilişləri redaksiyasında işləmək üçün təklif alıb. Amma yenə də doğma Naxçıvana olan sevgisi onu məhz burada işləməyə sövq edib.1998-ci ildən Naxçıvan Televiziyasında həftəlik uşaq verilişləri hazırlayıb. Özünün dediyinə görə, onlarla məktub alıb uşaqlardan. İndi isə böyüyən həmin uşaqlar onunla rastlaşanda: “Səməd müəllim, biz sizin “Boğça”, “Biri vardı, biri yoxdu” verilişlərinizi maraqla izləyirdik”,- deyib öz minnətdarlıqlarını  bildirirlər.

Naxçıvan Teatrının səhnəsində Həmid Arzulunun "İtilənən xəncərlər" əsərində Akif, Rauf İçərişəhərlinin "Arzum çin oldu" komediyasında Danos, Nəriman Nərimanovun "Nadir şah" dramında Rzaqulu, Dərviş, Elçi Seyid Sitan, Mirzə Mehdi, Ramiq Muxtarın "Şəhərli kürəkən" əsərində Qədir, V. Qubarevin "Sehirli yaylıq” nağıl-pyesində Təkgöz, Həsənəli Eyvazlının "Araz sahilində doğan günəş" əsərində Mustafa Kamal Atatürk, Əli Əmirlinin “Şah Qacar”ında Qacar,  Hüseyn Cavidin "İblis" dramında Elxan, N. Qoqolun “Müfəttiş”ində Xlestakov, iftixarın " Qurtuluş dastanı"nda Deputat, Jurnalist , V. Hüqonun " Edama məhkumun son günü"ndə Kişi, M. Ümit Görgülünün " Cibimizdəki dəlilik" əsərində , T. Cücenoğlunun "Rəngsaz" komediyasında Polis, Tüfəngi kişi və başqa rolları oynayib. Bu obrazlarla birmənalı şəkildə tamaşaçı alqışı qazanıb. Son iki tamaşanın isə həm də rejissorudur. Onu da qeyd edim ki, Səməd Canbaxşiyevin oynadığı Ağaməhəmməd şah Qacar obrazı öz orjinallığı ilə seçilir. Əli Əmirlinin qələmindən çıxan Qacar Səməd Vurğunun “Vaqif”indəki Qacardan tamamilə fərqlənir. Səməd müəllim də onu qaniçən, zalım deyil, Azərbaycan dövlətçiliyi uğrunda çalışan və hər şeyini, fiziki sağlamlığını, hətta qardaşlarını belə bu yolda qurban verən bir şəxsiyyət, imperator, ən əsası hissləri, emosiyaları, şəxsi faciəsi olan bir insan kimi təqdim etməyi bacardı. 

Səməd Canbaxşiyevin yaradıcılıq fəaliyyəti rəngarəngdir. O, Kukla Teatrında, Dram Teatrda işləməklə yanaşı,  eyni zamanda 1993-cü ildə Naxçıvanda yaranan və “Zabitlər Evi”ndə fəaliyyət göstərən "Meloman şou" qrupu və "7 ULDUZ" Şən və Hazırcavablar klubunun yaradıcılarından olub. Gənclərin asudə vaxtının səmərəli keçməsi, Naxçıvanda KVN hərəkatının inkişafı, 1990-cı illərdə bu sahədə  yaranmış boşluğu doldurmaq üçün yaradıcı dostları ilə birlikdə maraqlı proqramlar hazırlayıb. Həmçinin ssenarilər yazıb və rejissorluq edib. Uğurları o illərdə daha çox Naxçıvan Teatrı ilə bağlı olub.

Hətta 1999-cu ildə N. Həsənzadənin “Atabəylər” tamaşasında oynadığı Mahmud rolundan sonra Xalq artisti Nurəddin Mehdixanlı ifasını bəyəndiyini bildirib və o zaman Akademik Teatrın direktoru olan Həsən Turabovdan xahiş edib  ki, onu işə qəbul eləsin. Həsən Turabov məmnuniyyətlə razılıq versə də, Səməd müəllim yenə də Naxçıvanda işləməyi seçib.  

2003-cü ildən Lider TV-nin Naxçıvan müxbiri kimi işə dəvət alıb. 2020-ci ilə qədər tamaşaçılar onu ölkə səviyyəsində məhz bu televiziyadan özünəməxsus, dəyişməyən Naxçıvan ləhcəsində yayımladığı maraqlı süjetləri, reportajları, stand-upları ilə tanıyıblar. Naxçıvanla bağlı toxunduğu  orijinal mövzular bir televiziya jurnalisti kimi də onun bacarığını ortaya qoyub. Aktyorluq və jurnalistika bu gün də paralel olaraq davam edir yaradıcılığında. Naxçıvan Teatrının tarixi, aktyorları, sənətkarları ilə bağlı yazıları mütəmadi olaraq ölkə KİV-lərində yayımlanır. Görürsünüzmü, bu insan haqqında danışmaq nə qədər maraqlıdır.  Beləliklə, 2003-cü ildən bu günə qədər onu Naxçıvan Teatrında, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində bir neçə redaksiyanın  baş redaktoru, maraqlı  filmlərin ssenari müəllifi, rejissoru kimi,  “Nuhçıxan” İnformasiya Agentliyində baş redaktor, Lider TV-nin  Naxçıvan müxbiri, "Naxçıvanın səsi" radiosunda redaktor, "Naxçıvan Dövlət Universitetinin müəllimi kimi görürük.

Hətta 1998-ci ildə Kukla Teatrı üçün “Cik-cik xanım” nağıl-pyesini  yazıb və əsər  iki dəfə bu teatrda səhnələşdirilib.  2011-ci ildə “Telejurnalistika dünyası” adlı dərs vəsaitini çap etdirib. Aktyor, rejissor, jurnalist  (2015-ci ildə teatrda T. Cücənoğlunun “Rəngsaz” komediyasına quruluş verib) pedaqoq (çünki tələbələri jurnalist kimi ölkə və muxtar respublika KİV-lərində çalışırlar) olan Səməd Canbaxşiyev  2000-ci il dekabrın 30-da Naxçıvan MR Ali Məclisi Sədrinin Sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti" fəxri adına, 6 may 2015-ci ildə Prezident Mükafatına, 22 iyul 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb.

2023-cü ildə quruluş verdiyi M.Ü. Görgülünün "Cibimizdəki dəlilik" komediyası ilə Türkiyənin İzmir, Sardes, Foca, İğdır şəhərlərində qastrol səfərində olub. Burada qədim türk teatr sənəti olan məddahlıqla bağlı keçirilən festivallara qatılıb. Azərbaycanda hələ ki bu aktyor sənətini bilən yeganə aktyor olaraq Türkiye Meddah Topluluğunun üzvüdür. 2023-cü ildə Naxçıvan Teatrının baş rejissoru Mir Qabil Əkbərovun səhnələşdirdiyi və baş rolda Şəməd Canbaxsiyevin oynadığı V. Hüqonun "Edama məhkumun son günü" əsəri ilə Türkiyənin İzmir şəhərində festivalda , Gəncə, Bakı və Sumqayıtda qastrol səfərində olub. Hər yerdə tamaşaçı alqışı ilə qarşılanıb. Çox danışmaq olar Səməd Canbaxşiyev haqqında. Şeir yazır, uşaq hekayələri var, gözəl lətifələr danışmağı bacarır, direktor müavini kimi yaxşı təşkilatçıdır. Amma, məncə, onu tanıyanlar məndən də çox sözlər, fikirlər deyə bilərlər. Bu gün doğum günüdür. 52 yaşını qeyd edir. Təbrik edirəm, səni, qazandığı uğurları görə həmişə qürur duyduğum Səməd Canbaxşiyev.

Rza XUDİYEV
Xalq artisti