Şəhid bulağının açılışı olub - FOTO
Naxçıvan Babək rayonu Qaraxənbəyli kəndində Vətən müharibəsi şəhidi Məmmədzadə Pərvizin xatirəsinə inşa olunan şəhid bulağının açılışı olub.
Bulaq şəhidin doğulduğu Qaraxənbəyli kəndində istifadəyə verilib.
Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rayonun rəsmi şəxsləri, əsgər, zabit heyyəti, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Tədbirdə şəhidin döyüş yolundan danışılıb və onun İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıq və şücaətindən bəhs olunub.
Qeyd edilib ki, Azərbaycan Ordusunun kursantı olan Pərviz Məmmədzadə 31 iyul 2001-ci ildə Babək rayonunun Qaraxanbəyli kəndində anadan olub. 2015-ci ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına hərbi liseyə daxil olub. 2018-ci ildə bu liseydən məzun olaraq Bakıdakı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərb sənətinin dərinliklərinə yilənmək üçün kursant kimi təhsilini davam etdirib. Pərviz Məmmədzadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə qatılıb və noyabrın 6-da Xocavəndin işğaldan azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.
Qəhrəmanımız doğulduğu Babək rayon Qaraxənbəyli kəndində uğrunda canından keçdiyi torpağa tapşırılıb. Pərviz Məmmədzadə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Sonda şəhidin məzarı ziyarət olunub və ruhuna dualar oxunub.
Ruhu şad olsun.
Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü