Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında tanıdılır

Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında tanıdılır

19 Sentyabr 2024

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu 15-19 sentyabrda Səudiyyə Ərəbistanının Ciddə, Mədinə, Dəmmam və Ər-Riyad şəhərlərində silsilə tədbirlər keçirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" agentliyə istinadən xəbər verir ki, tədbirlər çərçivəsində hər bir şəhərdə 100-dək iştirakçının qatıldığı B2B (biznesdən-biznesə) formatlı seminarlar təşkil edilib.

Silsilə tədbirlərdə Büro ilə yanaşı, "Azərbaycan Hava Yolları" (AZAL) QSC, agentliyə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC və yerli turizm sənayesi təmsilçiləri xüsusi turizm təklifləri ilə çıxış ediblər.

Görüşlər zamanı Azərbaycanın turizm potensialı təqdim edilib, o cümlədən ölkəmizin qış mövsümündə dağ kurortları, xizək turizmi və digər qış fəaliyyətləri, sağlamlıq turizmi, təbiət turizmi, lüks turizm seqmenti, Bakı və Azərbaycanın digər regionları haqqında məlumat yerli turizm şirkətlərinə çatdırılıb.

Bu ilin yanvar-avqust aylarında Səudiyyə Ərəbistanından Azərbaycana 76 816 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31 %-dən çox artım deməkdir.