Böyük zəfər bayrağıdır bayrağım

Böyük zəfər bayrağıdır bayrağım

09 Noyabr 2024

Azərbaycan xalqının ümummilli lideri Heydər ƏLİYEV: Azərbaycan bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir…. Bu, bizim müstəqil dövlətimizin rəmzidir.Ona görə də gərək … hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.

Bayraq ucalıqdır, milli heysiyyətdir, vətəndaşlıq qürurudur. Bayraq milli şərəfdir, ləyaqətdir, namusdur. Bayraq mənlikli millət, suveren dövlət, milli qürur və iman yeri deməkdir.

Dövlət bayrağımız bizim milli dəyərimizdir. Elə bir dəyər ki, bizə milli qürur, mənlik, ləyaqət, güc, qüdrət verir. Bu gün dünyanın, demək olar, əsas ölkələri ilə əlaqə və münasibətdə olan, Beynəlxalq Təşkilatlarda təmsil olunan dövlətimiz öz bayrağı ilə tanınır. Dikilən, dalğalanan hər ölkədə bayrağımız siyasi qələbəmizin təntənəsi kimi hər birimizə qürur verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi hakimiyyətə gəlişi Azərbaycanın dövlət müstəqilliyi tarixində yeni mərhələnin başlanğıcını qoydu. Məhz bu mərhələdə ölkəmiz bir sıra nailiyyətlərə imza atmaqla Heydər Əliyev siyasətinin nə qədər böyük bacarıqla idarə edildiyini qətiyyətlə təsdiq etdi. Beynəlxalq aləmdə özünü dayanıqlı inkişaf, iqtisadi yüksəliş, etibarlı tərəfdaş kimi təsdiq edən Azərbaycan Respublikası həmçinin daxili siyasətdə də əvəzsiz uğurlarla ölkə ictimaiyyətinə böyük fərəh və sosial rifah bəxş etdi. Müasir dövrün tələblərinə uyğun tam hazırlıqlı bir nizami ordu formalaşdırmaqla Azərbaycan dövləti həm də dünyanın ən güclü ordusuna sahib olan qüdrətli ölkələr arasında dövlətimizi təmsil etdi. Öz bayrağını qüdrəti, gücü, humanizmi, multikulturalizmi, sülhsevərliyi ilə dünyada tanıtdıran və bir sıra ölkələrdə dalğalandıran Azərbaycan dövləti millətlər içində, dövlətlər içində imzasını göstərdi. Təkcə yerdə deyil, göylərdə də bayrağını ucaldan Azərbaycan öz inkişafı ilə kosmik gücə malik olan ölkələr arasına da daxil oldu. Bu baxımdan Prezident cənab İlham Əliyevin Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi, habelə 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncamlar imzalaması da milli dəyərlərimizə və dövlət atributlarına, o cümlədən Dövlət bayrağına hörmət və ehtiramı ən yüksək səviyyəyə çatdırdı. 2010-cu ildə Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması hər bir Azərbaycan vətəndaşının bayrağa məhəbbət hisslərini daha da alovlandırdı. “Ginnes” dünya rekordları təşkilatının 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etməsi də Azərbaycan vətəndaşına ayrı bir qürur və iftixar hissi bəxş etdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradıldı. Bütün bunlar qüdrətli dövlətin və müstəqilliyinə hakim bir gücün təzahürü olaraq Azərbaycan vətəndaşına iftixar gətirdi. Bayraq Meydanının açılış mərasimində çıxış edən ölkə Prezidenti cənab İlham Əliyev üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu bildirərək demişdir:Bu meydan nadir memarlıq abidəsidir. Bu bayraq bizim milli dəyərimizdir. ...Bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. ...Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda da qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” .

Bu gün biz o tarixi, o günü yaşayır və onun şahidiyik ki, Azərbaycan bayrağı və torpaqların işğaldan azad edilməsilə bağlı deyilən sözlər reallaşdı, həqiqətə çevrildi. Azərbaycan xalqı və dünya bir daha şahidi oldu ki, İlham Əliyev SÖZÜ İMZASI olan liderdir! Bu gün o tarixi proseslərin şahidiyik ki, məhz bu sözlərin müəllifi olan Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının tək bir arzusu olan işğal altındakı torpaqların azad edilməsi və ərazi bütövlüyünün təmin olunması hadisələrini reallaşdırdı. Ali Baş Komandan İlham Əliyev yeni bir tarix – diriliş dövrünün tarixini yazdı. Azərbaycanın qüdrətli siyasətinin, uğurlu iqtisadiyyatının, nəticəli ordu quruculuğu siyasətinin nəticəsini göstərdi. Sentyabrın 27-dən mənfur düşmənlərimiz olan və 30 ilə yaxın müddətdir, torpaqlarımızın bir hissəsini işğal altında saxlayan Ermənistanın Silahlı Qüvvələrinin qəfil və elan edilməmiş hücumuna əks-hücumla cavab verən ölkəmizin Silahlı Qüvvələri təsdiq etdi ki, Azərbaycan təkcə regionun deyil, dünyanın ən güclü, hazırlıqlı ordusuna malikdir. Bu gün həm də sübut olundu ki, uğurlu siyasət, etibarlı əməkdaşlıqlar həyata keçirilib. Ölkəmizin haqq savaşına başladığı, erməni Silahlı Qüvvələrinin xain saldırılarına görünməmiş uğur və hərbi taktika ilə verdiyi cavablara qardaş Türkiyə Cümhuriyyəti xalq və dövlət birliyi ilə tam dəstək verdi. Bir sıra dünya dövlətlərinin ölkəmizin haqq işinə verdiyi dəstək göstərdi ki, Azərbaycan multikultural ölkə olaraq yürütdüyü düzgün siyasət, həyata keçirdiyi xeyirxah missiya, dostluq və qardaşlıq əlaqələrilə bütün dini, milli, irqi ayrı-seçkilikləri aşan bir uğurlu siyasətə sahibdir və onun siyasətinin nüvəsini ədalət, haqq, dostluq, beynəlxalq hüquq təşkil edir. Özünün diplomatik məharəti, hazırcavablığı və hərtərəfli biliyilə ölkəmizin başçısı bunu da təsdiq və təzahür etdirdi ki, Azərbaycanın dövlət başçısı qabil və qadir siyasət adamıdır. Nəyi, nə vaxt və necə edəcəyini bilən ölkə başçısı doğru siyasət və sarsılmaz inamla apardığı Vətən müharibəsində böyük qələbənin qarantı kimi çıxış edir. Elə Vətən müharibəsinin ilk günlərindən qazanılan uğurlar və işğaldan azad edilən torpaqlarımızda Azərbaycanın dövlət bayrağı dalğalanmaqla bütün xalqı əməl və fikir birliyi ilə öz ətrafında topladı və zəfər təşnəli mübariz və yenilməz bir orduya sahib olduğunu nümayiş etdirdi. Azərbaycanın üçrəngli döyüş bayrağı ilə irəliləyən müzəffər ordusu qarşısında tab gətirməyən mənfur düşmən döyüş bayrağını ataraq qaçdı, qalibiyyət, zəfər, qüdrət və səadət nişanəsi olan Azərbaycan bayrağına sığınaraq aman istədi və təslim oldu.

Ali Baş Komandanın vaxtilə Bayraq Meydanının açılışında dediyi kimi, bu gün artıq Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır. 2016-cı ilin aprel ayında Lələtəpədə, habelə Günnütdə dalğalandırılan Azərbaycan bayrağı  yeni zəfərlər ardıcıllığı ilə azad edilən bütün torpaqlarımızda da ucaldıldı. Bu gün Müzəffər Azərbaycan Ordusu artıq işğal altında olan əraziləri mənfur düşməndən təmizləyərək bayrağımızı ucaldıb. İndi Azərbaycan bayrağı Zəngilanda, bütövlüyə gedın yolumuz olan Xudafərində, Kəlbəcərdə, Ağdamda, Qubadlıda, Şuşada, Xankəndidə ucalıb. Bütün bu rəşadət, şücaət və uzaqgörən, müdrik addımlarla Azərbaycan Respublikasının Prezidenti sübut etdi ki, Qarabağ hər zaman Azərbaycan olub və bu gün də “Qarabağ Azərbaycandır!” Üçrəngli Azərbaycan bayrağı altında birləşən bu ərazilər bütöv, azad və suveren Azərbaycan Respublikasının əldəyilməz ərazisidir!

Azərbaycan dövləti birmənalı qələbədən dərhal sonra regionda sülhün və əmin-amanlığın təmin olunması üçün bütün qüvvəsilə səylər göstərdi. İqtisadi əməkdaşlıq istiqamətində hər bir imkanını ortaya qoyan Azərbaycan Respublikası bu sahədəki qətiyyətini hər bir əməli fəaliyyətində nümayiş etdirdi. Yaşıl Dünya naminə Həmrəylik İlinin elan olunması və bu sahədə əməli tədbir naminə COP-29 kimi mötəbər bir tədbirə ev sahibliyi etməsi də Azərbaycanın dünyada sülh və əmin-amanlıq, bəşəriyyət naminə humanist qərarlar üçün göstərdiyi fəaliyyətinin ən bariz təzahürlərindəndir. Və bu möhtəşəm, dünya ölkələri liderlərinin təşrif gətirəcəyi bu əhəmiyyətli tədbir məhz Azərbaycanın şanlı Bayraq və Zəfər gününü qeyd edəcəyi günlərdə baş tutur ki, bu da ölkəmizin diplomatiya və humanizm sahəsində əldə etdiyi bir qələbə göstərişidir. Bəli, Azərbaycan bayrağı çoxmilyonluq Azərbaycan xalqını birləşdirən ali dəyərdir! O bayraq ki, min illərlə at belində dövlət quran ulu ata-babaların yadigarıdır! O bayraq ki, şəhidlərimizin, qazilərimizin yadigarı, əmanətidir! Eşq olsun Azərbaycan bayrağına! Yaşasın Azərbaycan!

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

Filologiya üzrə fəlsəfə doktoru, dosent