“Rənglərin harmoniyası” adlı fərdi rəsm sərgisinin açılış mərasimi keçirilib -

“Rənglərin harmoniyası” adlı fərdi rəsm sərgisinin açılış mərasimi keçirilib - FOTO

19 Aprel 2024

Aprelin 19-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin rəsm müəllimi Nizami Məmmədovun yaradıcılığına həsr olunmuş sərgi-tədbir baş tutub. Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Rənglərin harmoniyası” adlı  sərgidə Nizami Məmmədovun 30, şagirdlərinin isə 40-dan artıq əsəri nümayiş olunub. Rəssamların, mədəniyyət nümayəndələrinin qatıldığı sərginin açılış mərasimində  çıxış edən Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Həsən Kərimov bildirib ki, muxtar respublikada mütəmadi olaraq rəssamlıq sahəsində müxtəlif sərgi və müsabiqələr təşkil edilir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Nizami Məmmədovu və şagirdlərini sərgi münasibəti ilə təbrik edən şöbə müdiri vurğulayıb ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq incəsənət və bədii sənətkarlıq məktəblərində rəssamlıq ixtisası tədris olunur, uşaq və yeniyetmələrə bu sənətin incəlikləri öyrədilir.

Rəssamın sənət yolundan bəhs edən Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli  diqqətə çatdırıb ki, rəssamlığın sirlərini böyük həvəslə şagirdlərinə öyrədən Nizami Məmmədov 1966-ci ildə Naxçıvan şəhərində anadan olub, Bakı şəhərində Texniki Rəssamlıq Məktəbini bitirib. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü olan dəyərli fırça ustası fəaliyyətində bir sıra janrlara müraciət edib. Sərgidə rəssamın muxtar respublikasının müasir inkişafı, tarixi abidələri, təbiət gözəllikləri və Vətən Müharibəsini əks etdirən bir-birindən dəyərli əsərləri yer alır.

Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət məktəbinin direktoru Ceyhun Süleymanlı, rəssamın sənət dostları-Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov və Qəhrəman Tağıyev Nizami Məmmədovun müəllimlik və rəssamlıq fəaliyyətindən  ətraflı bəhs ediblər.

Sonda Nizami Məmmədov sənətinə verilən yüksək qiymətə görə minnətdarlıq edib. Dəyərli fırça ustası əsərlərindən bir neçəsini Naxçıvan Dövlət Rəsm Qalereyasına və Qarabağlar Türbə Kompleksinə hədiyyə edib.

Çıxışların ardından sərgiyə baxış olub.

Mənsurə Hümbətova