Naxçıvanda tibbi aksiya keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi (TMİB) və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə “Çətin həyat şəraitində olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsi”ndə humanitar tibbi aksiya keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tibbi aksiyada Şahbuz Rayon Mərkəzi Xəstəxanası və TMİB-in tabeliyindəki digər xəstəxanalardan dəvət olunmuş ixtisaslı həkimlər iştirak ediblər. Aksiya çərçivəsində stomatoloq, oftalmoloq, nevropatoloq, lor, cərrah və digər ixtisaslar üzrə müayinələr aparılıb, qan analizləri götürülüb və pasiyentlərə uyğun müalicə təyin edilib.
Aksiya başa çatdıqdan sonra iştirakçılar üçün çay süfrəsi təşkil olunub. TMİB-in icraçı direktorunun müavini Əli Orucov və Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Naib Əlizadə çıxış edərək bu cür aksiyaların əhəmiyyətini vurğulayıblar.
Tədbirin sonunda aksiya iştirakçılarına hədiyyələr təqdim edilib.