
Cəbrayılda və Zəngilan rayonunun Ağalı kəndində kardioloji müayinələr keçirilib
Fevralın 19-20-də Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) həkim briqadası tərəfindən Cəbrayıl rayonunda və Zəngilan rayonunun Ağalı kəndində əhali üçün kardioloji müayinələr keçirilib. Bu aksiya işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində keçirilib. Tədbirin əsas məqsədi vətəndaşların ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müalicələrin təyin edilməsidir.
ETKİ-dən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, aksiya çərçivəsində institutun kardioloq, endokrinoloq, tibb bacısından ibarət briqadası tərəfindən əhaliyə tibbi baxış aparılıb, ExoKQ, EKQ müayinələri keçirilib. Eyni zamanda, qanda şəkər, ekspres üsul ilə xolesterinin səviyyəsi müəyyən edilib. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.
Ümumiyyətlə, aksiya zamanı 250-dən artıq vətəndaş müayinələrdən keçirilib.
Müayinələrdən sonra sağlam həyat tərzinin təşviqi ilə bağlı, eyni zamanda, yüksək təzyiq və ürəktutma zamanı ilk tibbi yardımın göstərilməsinə dair Cəbrayıl və Zəngilan rayonlarının ictimaiyyəti üçün maarifləndirici tədbir təşkil olunub.
Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova ürək-damar xəstəliklərinin müasir tibbin ən aktual məsələlərindən biri olduğunu diqqətə çatdırıb. Direktorun sözlərinə görə, ürək xəstəliyi və insult üçün ən əhəmiyyətli davranış risk faktorlarına qeyri-sağlam qidalanma, fiziki aktivlik səviyyəsinin aşağı olması, siqaret və alkoqol kimi zərərli vərdişlər aiddir.
Eyni zamanda, tədbirdə yerli əhaliyə ürək-damar xəstəlikləri və onların profilaktikası haqqında faydalı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.