Naxçıvanda ötən il 63,35 km avtomobil yolu əsaslı təmir edilib

Naxçıvanda ötən il 63,35 km avtomobil yolu əsaslı təmir edilib

22 Yanvar 2025

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi ötən ildə 63,35 km uzunluğunda avtomobil yolunun əsaslı təmir işlərini tamamlayıb.

Təmir işləri həm dövlət proqramı, həm də yerli büdcə xərcləri çərçivəsində həyata keçirilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Agentliyin mətbuat xidmətindən məlumat verilib.

Əsaslı təmir olunan yollar arasında Şərur rayon Tənənəm kənd avtomobil yolu da yer alır. 12,5 km uzunluğundakı bu yolun təmirinə 2024-cü ilin aprel ayında başlanılmış və işlər uğurla tamamlanmışdır.

Bundan əlavə Şərur rayonunun Həmzəli-Axura, Ordubad rayonunun Kələntərdizə-Qoşadizə, Aza-Darkənd, Culfa rayonunun Kırna kənd daxili, Şahbuz rayonunun Qızıl Qışlaq kənd daxili və Sədərək rayonunun Dəmirçi kənd avtomobil yollarında təmir işləri yekunlaşıb. Babək, Kəngərli və Şərur rayonlarında bəzi kənd yollarında isə işlər davam edir.

Agentlik 2025-ci ildə həm Naxçıvan şəhərinin müxtəlif məhəllələrində, həm də digər bölgələrdə, o cümlədən Culfa rayonunun Yaycı kəndi, Şərurun Muğancıq-Müslüm və Cəlilkənd-Düdəngə kimi yaşayış məntəqələrində avtomobil yollarının əsaslı təmirini həyata keçirməyi planlaşdırır.